XƏBƏRLƏR

Azərbaycan Universitetində “27 sentyabr – Anım Günü” qeyd olunub

Azərbaycan Universitetində “27 sentyabr – Anım Günü” qeyd olunub

27 sentyabr 2022

Baxış sayı: 5459

Azərbaycan Universitetində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq təsis edilən “27 sentyabr - Anım Günü” qeyd olunub. Anım Günü münasibətilə təşkil olunan tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Anım Günü tədbirində Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov, İctimai elmlər kafedrasının müdiri Qabil Əliyev, Bakı Dövlət Universitetinin dosenti Boran Əziz, Vətən müharibəsi iştirakçısı, qazi, Vergi və vergiqoyma ixtisası üzrə magistratura II kurs tələbəsi Fərid Cəfərovun çıxışları dinlənilib.  

Çıxışlarda qeyd olunub ki, 27 sentyabr tarixi böyük Qarabağ Zəfərinə gedən yolun başlanğıcıdır. Xalqımızın hərbi qələbəsi çox yaxın gələcəkdə iqtisadi və siyasi qələbəyə də çevriləcək. “Böyük qayıdış” proqramının icrası ilə bundan sonra ölkəmiz üçün quruculuq və  azad edilmiş ərazilərimizin bərpası dövrü başlayır.

Bildirilib ki, sovet dövründə Azərbaycanın tarixi torpaqları Ermənistana hissə-hissə pay verilib. 1980-ci illərin sonlarından başlayaraq Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürüb, etnik zəmində təxribatlar törədib və hərbi gücdən istifadə edib. 1991-ci ildən başlayaraq isə Azərbaycan Ermənistanın açıq hərbi təcavüzü ilə üzləşib. Son 200 illik tariximizdə bənzəri olmayan Qarabağ Zəfəri bu baxımdan təkcə ölkəmiz və region üçün deyil, Türk və müsəlman dünyası üçün də böyük əhəmiyyətə malikdir. 

Çıxışlarda böyük Zəfərin qazanılmasında xalqı vahid ideya ətrafında birləşdirməyə nail olan Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, Azərbaycan əsgərinin igidliyinin və Azərbaycan xalqının həmrəyliyinin əvəzsiz rol oynadığı vurğulanıb, şəhidlərin xatirəsinə ehtiram və minnətdarlıq ifadə olunub, qazilərə şəfa dilənib. 


İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR