XƏBƏRLƏR

Azərbaycan Universitetində “28 May – Respublika Günü” qeyd olunub

Azərbaycan Universitetində “28 May – Respublika Günü” qeyd olunub

27 may 2020

Baxış sayı: 3098

Azərbaycan Universitetinin Xarici dillər kafedrası tərəfindən “28 may – Respublika Günü”nə həsr olunmuş vebinar keçirilib. “Microsoft Teams” platforması üzərindən keçirilən onlayn tədbir Azərbaycan, ingilis və alman dillərində təşkil olunub. Vebinar Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Onlayn tədbirdə kafedranın müdiri Samirə Məmmədova tədbir iştirakçılarını “28 May – Respublika Günü” münasibətilə təbrik edib, 28 may 1918-ci ildə Tiflis şəhərində elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin yaddaşlarımıza tariximizin ən şanlı səhifələrindən biri kimi həkk olunduğunu vurğulayıb.

Daha sonra kafedranın müəllimləri Oqtay İsmayılzadə və Arzu Revina, dilşünaslıq ixtisası üzrə magistratura tələbələri Aytac Orucova, Şəbnəm Ağaməmmədova, Xalidə Hovuslu, tərcümə ixtisası üzrə son kurs tələbəsi Türkan Mahmudovanın ingilis və alman dillərində çıxışları dinlənilib. Təqdimatlarda bildirilib ki, 1918-ci il may ayının 28-də Gürcüstanın paytaxtı Tiflis şəhərində Milli Şuranın birinci iclası keçirilib və müstəqil Azərbaycan dövlətinin yaranması faktını hüquqi cəhətdən təsbit edən "Azərbaycanın istiqlaliyyəti haqqında Akt"ı qəbul edilib. O zaman Bakı şəhəri bolşevik-daşnak qruplaşmasının əlində olduğu üçün AXC  Hökuməti həmin ilin iyun ayında müvəqqəti olaraq Gəncəyə köçüb. Bakının işğaldan azad olunmasının ardından isə sentyabrın 17-dən Bakıda fəaliyyət göstərib. 

Tədbirdə dövlət atributlarının qəbul edilməsi, AXC qurucularının həyat və fəaliyyəti, AXC parlamentinin fəaliyyəti və tərkibi, AXC-nin ərazisi və əhalisi, milli hökumətin süqutu haqqında məlumatlar diqqətə çatdırılıb, 23 ay ərzində dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə, daxili və xarici siyasət sahələrində görülən işlərin qısa xülasəsi təqdim edilib, keçən əsrin sonlarında elan olunan yeni, müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğu vurğulanıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi
27.05.2020


DİGƏR XƏBƏRLƏR