XƏBƏRLƏR

Azərbaycan Universitetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü anılıb

Azərbaycan Universitetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü anılıb

31 mart 2022

Baxış sayı: 1652

Azərbaycan Universitetində “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş anım tədbiri keçirilib. İctimai elmlər kafedrası tərəfindən təşkil olunan tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov açaraq Azərbaycan dövlətinin və xalqının tarixindəki bütün problem, maneə və çətinliklərin öhdəsindən uğurla gəlmək iqtidarında və əzmində olduğunu vurğulayıb.

Tədbirin qonağı, Turizm və Menecment Universitetinin professoru, soyqırımı problemlərinin araşdırıcısı Məhərrəm Zülfüqarovun çıxışı mart soyqırımının səbəbləri və tədqiqinə həsr olunub.

İctimai elmlər kafedrasının müdiri, prof. Qabil Əliyev görkəmli mütəfəkkir və ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun təşəbbüsü ilə erməni terrorizminə qarşı mübarizə aparmaq məqsədilə yaradılan “Difai” partiyasının fəaliyyəti haqqında məlumat verib.

Azərbaycanın qədim və ən orta əsrlər dövrü tarixi ixtisası üzrə  II kurs  magistratura tələbəsi Leyla Tağızadə “Erməni silahlı dəstələrinin azərbaycanlı əhaliyə qarşı qətl və qarətlərinin qarşısının alınması tədbirləri” mövzusunda çıxış edib.

Tədbirdə qeyd olunub ki, son iki yüz il ərzində azərbaycanlılar “Böyük Ermənistan” dövləti qurmaq xülyası ilə yaşayan erməni millətçilərinin etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalıb, öz tarixi torpaqlarından didərgin salınıblar. Bu siyasətin ən dəhşətli təzahürü özünü 1918-ci ilin mart ayında göstərib. 1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində bolşeviklər və erməni silahlı dəstələri tərəfindən on minlərlə insan vəhşicəsinə qətlə yetirilib.

Çıxışlarda bildirilib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı sənədlər toplayıb. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 1918-ci ilin mart qırğınları ilə bağlı araşdırmalar aparılıb, kitablar dərc olunub. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Sonda mart soyqırımı ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi  
31.03.2022

DİGƏR XƏBƏRLƏR