XƏBƏRLƏR

Azərbaycan Universitetində Adil Babayevə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib

Azərbaycan Universitetində Adil Babayevə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib

04 aprel 2019

Baxış sayı: 4611

Azərbaycan Universitetində XX əsr ədəbiyyatının görkəmli nümayəndələrindən şair, tərcüməçi və dramaturq Adil Babayevin həyat və yaradıcılığına həsr olunmuş "Təzədən doğulur şair ölən gün" adlı tədbir keçirilib. Tədbirdə şairin həyat və yaradıcılığına nəzər salınıb, onunla bağlı xatirələr bölüşülüb.

Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova Adil Babayevin Azərbaycan ədəbiyyatının “gələcək üçün yazan” görkəmli nümayəndələrindən biri olaraq qalıcı əsərlər yaratdığını  vurğulayıb və həyatı haqqında qısa məlumat verib. Kafedra müdiri bildirib ki, atası repressiya illərində “xalq düşməni” kimi həbs edilərək güllələnən Adil Babayev mənəvi repressiyaya məruz qalsa da, atasının adından imtina etməyib. Bu nisgili və onun mənəvi dünyasını yazıb-yaratdığı əsərlərdə görmək mümkündür.

Kafedranın professoru Asif Hacıyev ədəbiyyatın yalnız əsərlərdən deyil, ədəbi talelərdən də ibarət olduğunu və Adil Babayevin sovet dövrünün paradoks və keşməkeşlərini əks etdirən ömür yaşadığını qeyd edib. Çıxışında şairin  çoxşaxəli yaradıcılığının müxtəlif məqamları haqqında məlumat verən Asif Hacıyev bildirib ki, sonet janrını Azərbaycan ədəbiyyatına daxil edən Adil Babayevin yaradıcılığında həzin romantika ilə yanaşı gerçəklik də var. Sovet ideologiyasına və konyukturaya uyğun əsərlər ortaya qoymayıb. Məhz buna görə ədəbi mühitdə adı çox hallanmasa da, dəyərli irsə sahibdir. Yaradıcılığı haqqında Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, Osman Sarıvəlli, Abbas Zamanov, Bəxtiyar Vahabzadə, Xəlil Rza kimi görkəmli ziyalılar, nüfuzlu tənqidçilər müxtəlif vaxtlarda dövri mətbuatda, elmi əsərlərdə münasibət bildiriblər. Məşhur mahnıların müəllifi olan, nəğmələri dillərdə yaşayan Adil Babayev peşəkar tərcüməçiliklə də məşğul olub, əsərləri teatrlarda tamaşaya qoyulub, kitablarına böyük sənətkarlar tərəfindən rəylər yazılıb.

Şair Vahid Əziz Adil Babayev haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, onun yüksək mənəvi keyfiyyətləri haqqında danışıb.  Vahid Əziz bildirib ki, Adil Babayevin fitri istedadını ilk görən və yüksək qiymətləndirən milli poeziyamızın iftxarı Səməd Vurğun olub.

Adil Babayevin oğlu, tanınmış telejurnalist Etibar Babayev qeyd edib ki, atasının çoxşaxəli yaradıcılığının hər sahəsi tədqiqat obyekti olub, ciddi araşdırmalar aparılıb. 3 dissertasiya yazılıb, 4 monoqrafiya hazırlanıb, vəfatından sonra çoxsaylı yaradıcılıq gecələri təşkil olunub. Etibar Babayev tədbir iştirakçılarına atasından ona qalan gündəlik haqqında da məlumat verib. Atası haqqında səsləndirilən xoş fikirlərə təşəkkür edən telejurnalist  Adil Babayevin adının Bakı, Gəncə və Naxçıvanda əbədiləşdirildiyini vurğulayıb və Azərbaycan dövlətinə təşəkkür edib.

Sonda şairin həyat və yaradıcılığından bəhs edən “Ata olsam belə, Ata istərəm” adlı sənədli televiziya filmi nümayiş olunub. Adil Babayevin həyat və yaradıcılığından söhbət açılan film şairin şeirləri və onlara bəstələnən mahnılarla müşayiət olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi
04.04.2019


DİGƏR XƏBƏRLƏR