XƏBƏRLƏR

Azərbaycan Universitetində AFFA Könüllülük Proqramının təqdimatı keçirilib

Azərbaycan Universitetində AFFA Könüllülük Proqramının təqdimatı keçirilib

30 oktyabr 2019

Baxış sayı: 2999

“AVRO-2020”nin Bakı Olimpiya Stadionunda keçiriləcəyi oyunları ilə əlaqədar yaradılmış Əməliyyat Qrupu tədbirə hazırlıq məqsədilə Azərbaycan Universitetinin tələbələri ilə görüşüb. 120-dən çox tələbənin iştirak etdiyi görüşdə 2020 Avropa Çempionatı və “AVRO-2020 Bakı Könüllülük Proqramı” haqqında məlumat verilib.

Tədbirdə “AVRO-2020 Bakı Könüllülük Proqramı”nın səfiri Taleh Yüzbəyov, proqramın meneceri Yusif Vəliyev və ATV-nin idman proqramlarının aparıcısı Sənan Şəfizadə də iştirak edib. Qonaqlar tələbələrin idman və qeyri-idman sahəsində lazımi təcrübə əldə etməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, onların irimiqyaslı və ölkə əhəmiyyətli tədbirlərlə bağlı texniki bilik və bacarıqlarının artırılması baxımından bu cür tədbirlərin təşkilinin əhəmiyyətindən danışıblar, həmçinin könüllü olaraq qazandıqları təcrübəni və xatirələri tədbir iştirakçıları ilə bölüşüblər.

Görüşdə qeyd olunub ki, AFFA 2019-cu ilin may ayında Bakıda ilk dəfə keçirilən UEFA Avropa Liqasının final oyununun yüksək səviyyədə təşkil olunmasında könüllü tələbələrin rolunu yüksək qiymətləndirir. Bununla bağlı olaraq AFFA tərəfindən 2020 Avropa Çempionatı çərçivəsində Bakı şəhərində keçiriləcək oyunların təşkilində 2000 nəfər könüllü tələbənin cəlb olunması üçün könüllülük proqramı yaradılıb.

Çıxışlarda könüllülük proqramı və onun ötən ilki uğurları haqqında məlumat verilb, Avropa çempionatının tarixi maraqlı faktlarla birlikdə təqdim olunub, eyni zamanda AVRO-2020 ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər nəzərə çatdırılıb. Könüllülük proqramının tələbələr həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıq olacağı vurğulanıb. Proqram çərçivəsində təşkilati məsələlər ilə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçiriləcəyi bildirilib.

Qeyd edək ki, “AVRO-2020 Bakı Könüllülük Proqramı”na qeydiyyat 29 noyabr saat 23:59-da başa çatacaq. Müraciət etmək istəyənlər UEFA-nın rəsmi portalında (https://applicantportal.enterprise.uefa.com/landing) qeydiyyatdan keçə bilərlər.

İctimaiyyətlə əlaqələr şöbəsi
30.10.2019


DİGƏR XƏBƏRLƏR