XƏBƏRLƏR

Azərbaycan Universitetində “Bədii ədəbiyyatda Qarabağ” mövzusunda elmi seminar keçirilib

Azərbaycan Universitetində  “Bədii ədəbiyyatda Qarabağ” mövzusunda elmi seminar keçirilib

10 mart 2022

Baxış sayı: 1277

Azərbaycan Universitetində Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə “Bədii ədəbiyyatda Qarabağ” mövzusunda elmi seminar keçirilib. Seminarı kafedranın dosenti Fərhad Mədətov aparıb.

Elmi seminarda qeyd olunub ki, Azərbaycan ədəbiyyatının daim izlədiyi və sıx-sıx müraciət etdiyi mövzulardan biri də Qarabağ məsələsidir. Qarabağ mövzusuna həsr olunan əsərlərdə bölgənin təbii gözəllikləri, maddi – mənəvi mədəniyyəti ilə yanaşı tariximizin son 30 ilini çevrələyən və cəmiyyətimizin başlıca problemi səviyyəsinə yüksələn Dağlıq Qarabağ münaqişəsi də müxtəlif yönləri ilə öz əksini tapıb.

Seminarda xalq yazıçısı Sabir Əhmədlinin “Axirət sevdası” romanı, xalq yazıçısı Elçinin “Bayraqdar” povesti, xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeiri təhlil olunub. Adı çəkilən əsərlərdə müəlliflərin bəzən gizlin, bəzən aşkar Qarabağla, o cümlədən Şuşa ilə bağlı duyğuların gələcək nəsillərə mesaj olaraq ötürülməsi və ümumiyyətlə Sovet dövründə yazıb-yaratmış olan bütün böyük ədiblərimizdə Qarabağla bağlı bir narahatlığın onların əsərlərində əks olunması faktı vurğulanıb.

Tədbirdə bildirilib ki, 44 gün davam edən Vətən müharibəsində qazandığımız qələbədən sonra Qarabağ mövzusu uzun illər bədii ədəbiyyatın aparıcı mövzusu olmağa davam edəcək.

Seminar sual cavab sessiyası ilə yekunlaşıb.

Elmi seminar Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2022-ci il tarixli Sərəncamının və Azərbaycan Universitetinin “Şuşa İli” çərçivəsində həyata keçiriləcək tədbirlər planının icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
10.03.2022

DİGƏR XƏBƏRLƏR