XƏBƏRLƏR

Azərbaycan Universitetində beynəlxalq natiqliq yarışmasının təqdimatı keçirilib

Azərbaycan Universitetində beynəlxalq natiqliq yarışmasının təqdimatı keçirilib

07 noyabr 2019

Baxış sayı: 2883

Azərbaycan Universitetində dünyanın ən böyük natiqlik yarışması olan “International Public Speaking Competition 2020” beynəlxalq proqramının Azərbaycan üzrə milli yarışının təqdimatı keçirilib. Tədbirdə proqramın mərhələləri və iştirak qaydaları haqqında məlumat verilib.

Tədbirdə bildirilib ki, tələbələrin təlimlərdə iştirak etməklə natiqlik, təqdimat, ünsiyyət və liderlik kimi bacarıqlar əldə edə biləcəkləri proqram beş mərhələdən ibarətdir. İlkin mərhələ natiqliq bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə həyata keçirilən təlim kursudur. Təlim kursu 16-17 noyabr 2019 tarixlərində təşkil olunacaq. İki gün davam edəcək təlim kursundan sonra iştirakçılar qruplara bölünərək mentorlara yönləndiriləcəklər. Bu mərhələdə mentorlar iştirakçılara natiqlik və təqdimat bacarıqları haqqında öz məsləhətlərini verəcəklər. Növbəti – üçüncü mərhələ olan yarımfinalda bütün iştirakçılar onlara verilən müəyyən mövzu ətrafında çıxışlar edəcək və münsiflər heyəti tərəfindən qiymətləndiriləcəklər. Ən yüksək balla qiymətləndirilən 15 iştirakçı finala vəsiqə qazanacaq. Yarışmanın 1 dekabr 2019-cu il tarixində keçiriləcək final mərhələsində bir nəfər Azərbaycanın ən yaxşı natiqi statusunu qazanacaq.

Layihənin sonuncu mərhələsi 2020-ci il may ayının 11-dən 15-dək Londona keçiriləcək. Qalib gələn şəxs dünyanın ən yaxşı natiqi ola bilmək üçün 53 ölkənin qalibləri ilə yarışacaq.

Yarışın Azərbaycan üzrə təşkilatçısı APSC (Azerbaijan Public Speaking Competition) Böyük Britaniyanın ESU (The English Speaking Union) təşkilatının tətərdaşı olaraq Azərbaycanda tələbələr arasında ingilis dilinin təbliği və onların beynəlxalq proqramlarda iştirakını təmin edən platformadır. 100 illik təcrübəyə sahib ESU dünyanın 54 ölkəsini özündə birləşdirir və indiyə qədər həyata keçirdiyi layihələrdə 1 milyondan artıq gənc iştirak edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
07.11.2019


DİGƏR XƏBƏRLƏR