XƏBƏRLƏR

Azərbaycan Universitetində dərslər Xocalı soyqırımına həsr olunub

Azərbaycan Universitetində dərslər Xocalı soyqırımına həsr olunub

25 fevral 2022

Baxış sayı: 1201

Bu gün Azərbaycan Universitetində auditoriya dərsləri Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunub. Dərslərdə soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının xatirəsi sükutla anılıb, Xocalı soyqırımına həsr edilən xüsusi dərslər təşkil olunub.

Dərslərqə qeyd olunub ki, 30 il bundan əvvəl fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinin işğalı zamanı dinc Azərbaycanlı əhaliyə soyqırımı törədilib. Soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Bildirilib ki, xalqımızın qan yaddaşına əbədi həkk olunan Xocalı soyqırımı qurbanlarının qisası 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfər ilə döyüş meydanında alınıb, onların qanı yerdə qalmayıb.

Dərslərdə qeyd olunub ki, Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Hər il fevral ayının 26-sı ölkəmizdə və dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımını anım günü kimi qeyd edilir, “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Xocalı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılır.

İctimaiyyətlə əlaqələr şöbəsi
25.02.2022

DİGƏR XƏBƏRLƏR