XƏBƏRLƏR

Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub

Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub

16 mart 2021

Baxış sayı: 2660

Azərbaycan Universitetində Dünya Sosial İş Günü münasibətilə ənənəvi peşə həmrəylik tədbiri keçirilib. Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Empatiya” klubu tərəfindən təşkil olunan "Sosial həmrəylik və qlobal bağlılığın gücləndirilməsi” adlı vebinarın moderatorluğunu klubun sədri və Gənclərlə iş ixtisası üzrə magistratura I kurs tələbəsi Şalan Novruzov edib.

Şalan Novruzov Dünya Sosial iş Gününün hər il bir mövzuya həsr olunduğunu, 2021-ci ildə isə klassik Afrika fəlsəfəsi olan “Ubuntu”ya diqqət çəkildiyini qeyd edib. Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva dünyada və Azərbaycanda sosial iş ixtisasının tədrisi barədə danışıb, Azərbaycan Universitetinin bu ixtisası tədris edən ilk özəl universitet olduğunu vurğulayıb.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Övladlığa Götürmə Departamentinin müdir müavini Məftunə İsmayılova çıxışında sosial xidmət müəssisələri, nazirlik və agentliklərdə yüksək vəzifələrdə işləyən mütəxəssislərin çox böyük bir hissəsinin Azərbaycan Universitetinin Sosial iş ixtisasının məzunları olduğuna diqqət çəkib.

Almaniyanın Bonn Rayn Ziq (Rhein –Sleq) Universitetinin Sosial müdafiə üzrə magistratura tələbəsi, Dayanıqlı İnkişaf üzrə Beynəlxalq İnstitutun tədqiqatçısı Lamiyə Rzayeva Əhmədli isə Azərbaycanda sosial iş hərəkatının başlaması, yerli və beynəlxalq təşkilatların hərəkata töhfəsi haqqında məlumat verib, sosial işçilərin peşə həmrəyliyi ənənəsini davam etdirdikləri üçün tədbir iştirakçılarına təşəkkür edib.

Sonda universitetin Gənclərlə iş ixtisası üzrə magistratura I kurs tələbələri Elnur Süleymanzadə “Ubuntu”, Asif İbrahimli isə “Sosial həmrəylik” mövzusunda təqdimatla çıxış ediblər.

Tədbir sual-cavab bölməsi ilə yekunlaşıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
16.03.2021

DİGƏR XƏBƏRLƏR