XƏBƏRLƏR

Azərbaycan Universitetində Əjdər Ol ilə görüş keçirilib

Azərbaycan Universitetində Əjdər Ol ilə görüş keçirilib

16 noyabr 2018

Baxış sayı: 4479

Azərbaycan Universitetində Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist, dramaturq və tərcüməçi Əjdər Olun tələbələr ilə görüşü keçirilib. Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə əməkdar artıst və məşhur aktyor Ağalar Bayramov da iştirak edib.

Görüşdə Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova, kafedranın professoru Asif Hacıyev, kafedranın dosenti Fərhad Mədətov çıxış edərək Əjdər Olun yaradıcılığında əks olunan mövzu müxtəlifliyi və janr rəngarəngliyi haqqında danışıblar. Çıxışlarda qeyd olunub ki, Əjdər Ol müasir Azərbaycan ədəbiyyatının istedadlı və tanınmış nümayəndələrindən biridir. Həm şeirlərində, həm də nəsr əsərlərində sadə və anlaşıqlı yazır, oxucuları Azərbaycan dilinin tükənməz imkanları ilə heyrətləndirir.

Əjdər Ol çıxışı yaradıcı insanların missiyasına həsr olunub. Qonaq bildirib ki, yazıçı və şairlərin birinci vəzifəsi xalqın mənəvi dəyərlərini yaşatmaq və nəsildən nəsilə ötürməkdir. Onlar yaratdıqları əsərlərdə cəmiyyəti bu mənəvi dəyərlər ətrafında birləşdirməyə töhfə verməlidilər. Məhz bu səbəbdən onun yaradıcılığında vətəni tərənnüm edən şeirlər çoxluq təşkil edir.

Əməkdar artist Ağalar Bayramovun Əjdər Ol yaradıcılığından səsləndirdiyi şeirlər alqışlarla qarşılanıb.

Tədbirdə hekayəsi və ssenarisi Əjdər Ola aid olan “Usta Yusifin kamançası” adlı qısametrajlı bədii film də nümayiş olunub. Film 2015-ci ildə "Ən yaxşı debüt" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülüb.

Sonda Əjdər ol kitablarını imzalayaraq tədbirdə iştirak edən tələbələrə hədiyyə edib və onlarla xatirə şəkili çəkdirib.

İctimaiyyətlə əlaqələr şöbəsi
16.10.2018


DİGƏR XƏBƏRLƏR