XƏBƏRLƏR

Azərbaycan Universitetində informasiya təhlükəsizliyi müzakirə olunur

Azərbaycan Universitetində informasiya təhlükəsizliyi müzakirə olunur

29 oktyabr 2021

Baxış sayı: 1911

Bu gün Azərbaycan Universiteti və Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti ilə birgə “İnformasiya təhlükəsizliyi: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilir. Konfrans pandemiya ənənələrinə uyğun olaraq zoom platforması vasitəsilə onlayn qaydada təşkil olunub.

Beynəlxalq tədbirin açılışında Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva konfrans iştirakçılarına müraciət edərək konfransın işinə uğurlar arzulayıb. Rektor qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsi informasiya-kommunikasiya texnologiyaları sahəsində təkcə Ukraynada deyil, regionda da ciddi uğur və ənənələrə malik Xarkov Milli Radioelektronika Universiteti ilə 2019-cu ildən başlayaraq əməkdaşlıq proqramları həyata keçirir. Tərəflər arasında imzalanmış memoranduma əsasən kompüter mühəndisliyi və kompüter elmlərini əhatə edən beynəlxalq birgə ikili diplom proqramı tətbiq olunur. Bugünlərdə müasir texniki avadanlıqlarla təchiz olunmuş informasiya təhlükəsizliyi üzrə birgə tədris-tədqiqat laboratoriyası istifadəyə verilib. Bugünkü birgə beynəlxalq konfrans universitetlər arasındakı səmərəli əməkdaşlığın məntiqi davamıdır və olduqca aktual mövzuya həsr olunub. Əməkdaşlıq gələcəkdə yeni istiqamətləri də əhatə edəcək.

Xarkov Milli Radioelektronika Universitetini açılışda elm və innovasiyalar üzrə prorektor Murad Omarov təmsil edib. Prorektor qeyd edib ki, informasiya təhlükəsizliyi üzrə ciddi infrastruktura, kadr potensialına və təcrübəyə sahib Xarkov Universitetinin əməkdaşları konfransda 12 məruzə ilə iştirak edirlər. Xarkov Milli Radioelektronika Universiteti Azərbaycan Universiteti ilə əməkdaşlıqdan olduqca məmnundur və yeni istiqamətlər üzrə daha da genişlənməsi arzusundadır.

Açılışda bu gün Türkiyədə Respublika Gününün qeyd olunduğu da bildirilib və Azərbaycan Universitetinin rəhbərliyi və kollektivi adından dost və qardaş ölkəyə təbriklər və xoş arzular ifadə olunub.

Plenar məruzələrin ardından konfrans işini bölmə iclaslarında davam etdirir.

İctimaiyyətlə əlaqələr şöbəsi
29.10.2021


DİGƏR XƏBƏRLƏR