XƏBƏRLƏR

Azərbaycan Universitetində akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyi qeyd olunub

Azərbaycan Universitetində akademik Məmməd Cəfər Cəfərovun  110 illik yubileyi qeyd olunub

17 dekabr 2019

Baxış sayı: 3321

Azərbaycan Universitetində XX əsr Azərbaycan ədəbiyyatşünaslığının görkəmli siması,  akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyi qeyd olunub. Azəbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə keçirilən “Böyük alim Məmməd Cəfər” adlı tədbirdə akademikin Azərbaycan ədəbiyyatşünaslığında  Azərbaycan romantizminin nəzəri əsaslarını, ideya xüsusiyyətlərini, dünya romantizmi ilə oxşar və fərqli cəhətlərini, romantik lirikanın hansı imkanlara malik olduğunu müəyyənləşdirən alim kimi xüsusi yer tutduğu qeyd olunub, yaradıcılığının müxtəlif mərhələ və aspektlərinə toxunulub, Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatına yaxınlaşmasında xidmətləri və irsinin öyrənilməsinin vacibliyi qeyd olunub.

Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova  alimin həyat və yaradıcılığından söz  açaraq bildirib ki,  Azərbaycan ədəbiyyatşünaslıq elmində akademik Məmməd Cəfər Cəfərovun müstəsna xidmətləri vardır. Azərbaycan-rus ədəbi əlaqələri, Azərbaycan və Avropa klassik ədəbi irsi, romantizmin tədqiqi və bu kimi mövzulara həsr olunmuş 30-dan çox monoqrafiya, kitab, dərslik, 300-dən çox məqalə onu tənqidçi, ədəbiyyatşünas-alim kimi səciyyələndirir. "Rus ədəbiyyatı tarixi oçerkləri", "Rus klassikləri" və üç cildlik "XIX əsr rus ədəbiyyatı tarixi" dərslikləri, "Klassiklərimiz haqqında", "M.F.Axundovun ədəbi tənqidi görüşləri", "Ədəbi düşüncələr", "Füzuli düşünür" , "Hüseyn Cavid", "Azərbaycan ədəbiyyatında romantizm", "Cəlil Məmmədquluzadə", "Estetik zövq haqqında", "Mütəfəkkirin şəxsiyyəti", "Estetik tərbiyə, ailə və məktəb", "Həyatın romantikası", "Sənət yollarında", "Nizaminin fikir dünyası" və digər kitab və monoqrafiyaları  Azərbaycan ədəbiyyatşünaslığı tarixində öz elmi sanbalını, aktuallığını bu gün də saxlayan əvəzsiz mənbələrdir. Zəngin və çoxşaxəli elmi fəaliyyəti ilə yanaşı, akademik Məmməd Cəfər Cəfərov bədii yaradıcılıqla da məşğul olub, "Zurnaçı", "M.N.", "Dəmdəməki", "Zorən təbib", "M.Zeynaloğlu" imzaları ilə hekayələr çap etdirib, miniatür, novella, povest janrlarında qələmini sınayıb.

Azərbaycan Universitetinin professoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyev çıxışında Məmməd Cəfərin tələbəsi olmasını qeyd edərək onunla bağlı xatirələrini bölüşüb. Kamran Əliyev akademikin həyat yolunda acılı-şirinli günlərindən, repressiya dövründə təqiblərə məruz qalmasından, müəlimlik fəaliyyətindən söz açaraq deyib: “Hər  bir insan öz həyatında qazandığı uğurlara görə ilk növbədə öz müəllimlərinə borcludur.  Bu baxımdan mən qürurla deyə bilərəm ki, mənim müəllimim Məmməd Cəfər olub”.  Kamran Əliyev bildirib ki, Məmməd Cəfər Cəfərov həm pedaqoji sahədə, həm də  elmi kadrların hazırlanması istiqamətində təqdirəlayiq işlər görüb. O, apardığı tədqiqatlar ilə Azərbaycan ədəbiyyaşünaslıq elminə böyük töhfələr verən görkəmli alimdir.

Filologiya üzrə elmlər  doktoru,  professor Asif  Hacıyev çıxışında Məmməd Cəfərin  Azərbaycan ədəbiyyatşünaslığında  və fikir tarixindəki yeri, əsərlərinin əhəmiyyəti, elmi  xüsusiyyətləri  haqqında məlumat verib. Asif Hacıyev  qeyd edib ki, görkəmli alimin  irsindəki tədqiq edilməli, öyrənilməli  məqamlar aydınlaşdıqca Azərbaycan ədəbiyyatşünaslığının  tarixi daha da zənginləşmiş olacaq.  Professor Məmməd Cəfər Cəfərovun publisistik fəaliyyətinin də  tədqiq edilməsinin əhəmiyyətini vurğulayıb.

Sonda tələbələrin sualları cavablandırılıb, xatirə şəkili çəkdirilib.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında 15 aprel 2019-cu il tarixli Sərəncamına uyğun olaraq təşkil olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi
17.12.2019
 

DİGƏR XƏBƏRLƏR