XƏBƏRLƏR

Azərbaycan Universitetində “Pandemiya və biz” mövzusunda vebinar keçirilib

Azərbaycan Universitetində “Pandemiya və biz”  mövzusunda vebinar keçirilib

29 aprel 2020

Baxış sayı: 2769

Azərbaycan Universitetində növbəti pandemiya vebinarı Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə keçirilib. “Pandemiya və biz” adlı vebinarı kafedranın müdiri Ülviyyə Rəhimova aparıb.

“Microsoft Teams” platforması üzərindən təşkil olunan vebinarda Ülviyyə Rəhimova pandemiyanın ədəbi-bədii fikirdə əksi problemi, Bokkaço yaradıcılığında pandemiyanın ədəbi-estetik qoyuluşu, Kamünün “Taun” əsəri, pandemiya və müasir düşüncə kimi mövzular haqqında çıxış edib. Kafedra müdiri qeyd edib ki, Bokkaççonun “Dekameron” əsərində Florensiyada vəbanın tüğyan etməsi və insanların könüllü şəkildə karantinə çəkilmələri təsvir olunurdusa, Kamü baş verməmiş hadisədən çıxış edərək taunun heç vaxt olmadığı Əlcəzairin Oran şəhəri timsalında bəşəriyyətin təxminən 70 il sonra başına gələcək bəlanı görüb və təsvir edib. Bu, ədəbiyyatın böyük öncəgörənlik potensialından xəbər verir. 

Kafedranın professoru Asif Hacıyev “Şeirdə, lirikada pandemiya” mövzusunda çıxış edib. Asif Hacıyev qeyd edib ki, şeir, bədii publisistika daha mobil səciyyə daşıyırlar və şübhəsiz ki, onlar koronavirus pandemiyasına ilk ədəbi-bədii reaksiya olacaqlar.

Professor çıxışında bildirib ki, izolyasiya günlərində müsbət təcrübələr də yaşanır. Pandemiya tələbələrlə müəllimləri texnoloji olaraq eyni müstəviyə gətirib və çox yaxın gələcəkdə ölkədə uzun müddətdir müzakirə olunan distant təhsilin normativ bazası, resursları və metodikası ilə bağlı addımlar atılacağı gözləniləndir.

Asif Hacıyev vebinara qoşulan tələbələrə karantin günlərini səmərəli keçirmələri üçün öz tövsiyələrini də verib.

Kafedranın müəllimləri Xəyalə Əliyeva və Ülkər İbrahimova pandemiyanın ədəbiyyata təsirinin müxtəlif məqamlarından danışıblar. Kafedranın dosenti Lalə Əliquliyeva karantin günlərinin insanın özü ilə üzləşməsi və mənəvi yenilənməsi üçün bir fürsət olduğunu bildirib.

Vebinar mövzu ətrafında maraqlı müzakirələrlə davam edib.

Qeyd edək ki, Azərbaycan Universitetində dərslərlə yanaşı tədbirlər də onlayn rejimdə aparılır. Növbəti vebinar bu gün Maliyyə və iqtisadiyyat kafedrası tərəfindən “Pandemiyanın iqtisadiyyata mənfi təsirləri və bunun qarşısının alınması istiqamətində dövlət tədbirləri” mövzusunda təşkil olunacaq. Vebinarın başlama saatı 13.30-dur.  

İctimaiyyətlə əlaqələr şöbəsi
29.04.2020

DİGƏR XƏBƏRLƏR