XƏBƏRLƏR

Azərbaycan Universitetində şəhidlərimizin xatirəsi anılıb

Azərbaycan Universitetində şəhidlərimizin xatirəsi anılıb

27 sentyabr 2021

Baxış sayı: 1570

Azərbaycan Universitetində Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün hərbi və mülki şəhidlərimizə dərin ehtiram əlaməti olaraq “Anım Günü” tədbiri keçirilib.

Anım tədbirinin birinci hissəsində saat 12.00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Azərbaycan Universitetinin şəhid tələbə və məzunlarının xatirəsinə yaradılmış stendin önünə güllər düzülüb.

Anım tədbiri onlayn formatda davam edib. Universitetin rektoru Səadət Əliyeva çıxışında qeyd edib ki, bizim müharibəmiz ədalətli müharibədir. Çünki, biz torpaqlarımızın işğaldan azad olunması, haqqın və ədalətin bərpası, yüzminlərlə məcburi köçkünün öz ev-eşiklərinə qayıtması uğrunda müharibə aparmışıq. Rektor bildirib ki, bizim qələbəmiz prezident-ordu-xalq birliyinin, Azərbaycan əsgərinin igidliyinin və şücaətinin, Azərbaycan xalqının həmrəyliyinin, xalqı vahid ideya, prinsip və məqsəd ətrafında birləşdirməyə nail olan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş komandan İlham Əliyevin siyasi iradəsinin qələbəsidir.

Səadət Əliyeva çıxışında Vətən Müharibəsində qəhrəmancasına döyüşən, Qarabağı işğalçılardan qarış-qarış azad edən şəhid, qazi, zabit və əsgərləri böyüdən analara təşəkkür edib. Rektor deyib: “Bayrağımızı işğaldan azad edilən kənd, qəsəbə və şəhərlərimizdə dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə can sağlığı, uzun ömür arzulayıram”.  

Rektor çıxışında bildirib ki, Vətənimiz Azərbaycan və böyük quruculuq işlərinə başladığımız Qarabağ minlərlə şəhidimizin bizə əmanətidir. Hər birimizin vəzifəsi bu əmanəti qorumaq, onlara olan mənəvi borcumuzu ödəməkdir. Vətən müharibəsində qazandığımız qələbədə elmin və texnologiyanın yeniliklərindən istifadə edilməsi də mühüm rol oynayıb. Bu da Azərbaycan elminin və təhsilinin qarşısında yeni çağırışlar müəyyənləşdirir, yeni vəzifələr qoyur.

Çıxışlarda münaqişənin həlli istiqamətində Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin nəticəsizliyi, Ermənistanın münaqişənin dinc siyasi yolla həll edilməsini pozma cəhdləri, Vətən Müharibəsinin başlamasının səbəbləri və xarakteri kimi məqamlara toxunulub. Vurğulanıb ki, Vətən Müharibəsi və 44 gün sonra qazanılan Zəfər Azərbaycan tarixində ən şanlı səhifə kimi əbədi yaşayacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi
27.09.2021

DİGƏR XƏBƏRLƏR