XƏBƏRLƏR
Azərbaycan Universitetində tələbə peyki müsabiqəsinin tanıtımı keçirilib
Azərbaycan Universitetinin tələbələri üçün “CanSat Azərbaycan-2018” (Azərbaycanda tələbə peyki) müsabiqəsinin təqdimatı olub. “Azərkosmos ASC və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək müsabiqənin cari tədris ilində yerli universitet komandaları arasında təşkil olunması planlaşıdırlır.
“Azərkosmos” ASC-nin korporativ kommunikasiya departamentinin aparıcı mütəxəssisi Fidan Behbudova tələbələri Azərkosmos ASC-nin fəaliyyəti ilə tanış edib. Peyk mühəndisi Şamo Hümmətli beynəlxalq və yerli xarakterli “CanSat” müsabiqələri, həmçinin Azərbaycanın ilk “CanSat” komandası haqqında danışıb. Peyk operatoru Murad Məmmədov isə müsabiqənin texniki şərtləri, mərhələləri, müraciət və qeydiyyat qaydaları, qiymətləndirmə meyarları və mükafatlandırma haqqında ətraflı məlumat verib.
Qeyd olunub ki, müsabiqənin məqsədi ölkəmizdə tələbə peyki layihələrinə marağın artırılması və azərbaycanlı tələbələr arasında kütləviləşdirilməsi, Azərbaycanın beynəlxalq analoji müsabiqələrdə daha çox və təcrübəli komandalarla təmsil olunması, uğurlu nəticələrin əldə edilməsi və gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən ölkəmizdə hazırlanması üçün təcrübi bacarıq və vərdişlərin əldə edilməsidir.
Model peykin təyinatı - faydalı yükün tapşırığını icra etmək, eniş zamanı onu mühafizə etmək və 1 Hz tezliyində telemetriya məlumatlarını yerüstü stansiyaya göndərməkdən ibarətdir.
Faydalı yük olaraq fotokamera nəzərdə tutulmuşdur. Faydalı yükün tapşırığı - yerüstü stansiyadan göndəriləcək komanda əsasında şəkil çəkmək və onu modelin daxilindəki yaddaş qurğusunda saxlamaqdan ibarətdir.
Model hündürlüyü 200 mm və diametri 120 mm olan silindir formalı konteynerə yerləşəcək ölçülərdə olmalıdır. Modelin çəkisi maksimum 500 qram olmalı və 400 metr hündürlükdə konteynerdən ayrılaraq missiyanı müstəqil şəkildə yerinə yetirməli, minimum 1-2 dəqiqə intervalında yerə enməlidir.
Müsabiqədə hər universitet komanda şəklində iştirak edə bilər. Qalib gələn komanda Beynəlxalq “CanSat” müsabiqəsində iştirak hüququ qazanacaq. Uğurlu çıxış edən iştirakçılara Azərkosmosda təcrübə əldə etmə imkanları yaradılacaq. Qeyd edək ki, kosmik texnologiyalar sahəsində universitet tələbələrinin motivasiya və inkişafına yönəlmiş beynəlxalq “CanSat” müsabiqəsi NASA, Amerika Astronomiya Cəmiyyəti (AAS), Amerika Aviasiya və Kosmik Elmlər İnstitutu, (AIAA) eləcə də kosmik sektorda aparıcı qurumların dəstəyilə 1998-ci ildən etibarən hər il keçirilir.
İctimaiyyətlə əlaqələr şöbəsi
25.12.2017