XƏBƏRLƏR

Azərbaycan Universitetində Ümumdünya Sosial İş Günü qeyd olunub

Azərbaycan Universitetində Ümumdünya Sosial İş Günü qeyd olunub

17 mart 2017

Baxış sayı: 4784

Azərbaycan Universitetində Ümumdünya Sosial iş gününə həsr olunmuş tədbir keçirilib. Universitetin Sosial iş fakültəsi və “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan Sosial İş Birliyi, Azərbaycanda Sosial iş və sosial xidmətlərin inkişafı sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatların nümayəndələri, xarici qonaqlar, universitetin müəllim – tələbə kollektivi iştirak edib.

Tədbirdə iştirakçılara Sosial iş ixtisası, tanıtımı, peşə kimi formalaşması və uğurlu təşkili haqqında məlumat verilib, buna dair videoçarx nümayiş olunub. Qeyd olunub ki, ölkədə Sosial işin tədrisi sahəsində Azərbaycan Universitetinin müstəsna yeri və böyük nailiyyətləri var.

Tədbirdə həmçinin “Azərbaycan Universiteti Korporativ Sosial Məsuliyyətini dərk edir” layihəsi iştirakçılara təqdim olunub. Sosial iş fakültəsinin dekan müavini Aysel Qasımova qeyd edib ki, layihə ilə fiziki əlilliyi olan 3 gənc Azərbaycan Universitetində  3 semestr “dinləyici tələbə” statusunda təhsil alacaq. Məqsəd fiziki əlilliyi olan gənclərin ingilis dili, kompüter və mühasibat sahələrində bilik və bacarıqlarını artırmaqla onların həyat keyfiyyətinin yüksəldilməsinə nail olmaq və məşğulluq imkanlarını artırmaqdır. Fakültə gənclərin seçimi prosesində UAFA (Azərbaycana Birgə Yardım Təşkilatı) ilə əməkdaşlıq edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Azərbaycan Universitetinin prorektoru Ağamalı Ağamalıyev, Sosial iş fakültəsinin dekanı Aygün Musayeva, Azərbaycan Sosial iş Birliyinin sədr müavini Gülnarə Pənahova Ümumdünya Sosial iş gününün mahiyyəti haqqında danışıb, sosial işçiləri peşə bayramı münasibəti ilə təbrik edib, ürək sözlərini çatdırıblar.

Çıxışlarda qeyd olunub ki, Ümumdünya Sosial iş Günü bu peşənin cəmiyyətin inkişafına verdiyi töhfələri “Biz varıq, siz də var olun” mesajı ilə dünyaya çatdırmaq məqsədi ilə təsis olunub və bu ilki şüarı “Cəmiyyəti inkişaf etdirək və ətraf mühiti qoruyaq” olaraq müəyyənləşdirilib.  

Tədbirdə Sosial işin fəaliyyət sahəsinə daxil olan problemlərin işıqlandırıldığı bədii nümunələr də nümayiş olunub. Sosial iş tələbələri Yasin Babullazadə və Məltəm Cahangirzadə rep tərzində mahnı ifa ediblər. Bir qrup tələbə isə erkən nigahların fəsadları haqqında tamaşa ilə çıxış edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
17.03.2017

DİGƏR XƏBƏRLƏR