XƏBƏRLƏR

“Mənim Azərbaycanım: qalib ölkə, müzəffər xalq” adlı layihənin icrasına başlanılıb

“Mənim Azərbaycanım: qalib ölkə, müzəffər xalq” adlı layihənin icrasına başlanılıb

27 dekabr 2021

Baxış sayı: 2037

Tədris və elmi-tədqiqat fəaliyyəti sahəsində novatorluğu ilə fərqlənən Azərbaycan Universitetində Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə  tələbələrin ixtisas hazırlığını və müstəqil yaradıcılıq fəaliyyətini, vətənpərvərlik ruhunda tərbiyəsini üzvi şəkildə birləşdirən “Mənim Azərbaycanım: qalib ölkə, müzəffər xalq” adlı  yeni tələbə tədris-tədqiqat layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində Filologiya ixtisası üzrə təhsil alan I kurs tələbələrinə tədris olunan “Ölkəşünaslıq” fənnindən sərbəst işlər ənənəvi şəkildə deyil, tədris planlarının tələbləri nəzərə alınmaqla hər bir tələbənin doğulub formalaşdığı bölgələr üzrə hazırlanıb. Layihə çərçivəsində tələbələr öz bölgələrinin - kənd və ya rayonun təbiətinə, tarixinə, etnoqrafiyasına, folkloruna, abidələrinə və görməli yerlərinə, görkəmli şəxsiyyətlərinə, multikultural mühitinə və sosial-iqtisadi inkişafına aid müstəqil tədqiqat aparıblar. Tələbə tədqiqatlarının bir hissəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə aparılmış 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbəmizdə payı olan, ordumuzun tərkibində döyüşmüş, həmin bölgələrdən olan şəhid və qazilərə həsr edilib. Tələbələr semestr ərzində müxtəlif  informasiya mənbələri, valideynləri, ailə böyükləri, yaşlılar ilə müsahibələr, şəxsi müşahidələri əsasında zəngin material toplayaraq tədqiq edib və apardıqları tədqiqatın nəticələrini xüsusi təqdimat formasında ümumiləşdiriblər.

Sərbəst işlərin təqdimatından əvvəl layihə rəhbəri, “Ölkəşünaslıq” fənnini tədris edən professor Asif Hacıyev layihənin əhəmiyyəti, onun müasir təhsil konsepsiyasının və mövcud tədris planlarının tələbləri gözlənilməklə, azərbaycançılıq ideologiyasına, multikulturalizm siyasətinə, regionların inkişaf strategiyasına uyğun həyata keçirildiyini, tələbələrdə azərbaycanşünaslıq bilgilərinin, vətənpərvərlik hisslərinin və sərbəst tədqiqat vərdişlərinin formalaşmasına xidmət etdiyini qeyd edib.

Təqdimatda iştirak edən Humanitar fənlər fakültəsinin dekanı dosent Səfər Məmmədov və Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri dosent Ülviyyə Rəhimova “Ölkəşünaslıq” fənni üzrə keçirilən “Mənim Azərbaycanım: qalib ölkə, müzəffər xalq” layihəsi üzrə tələbələrin sərbəst tədqiqat işlərinin məzmununu və təqdimat formasını yüksək qiymətləndirərək tədris, tədqiqatçılıq və təlim-tərbiyə baxımından əhəmiyyətini qeyd edib, bu istiqamətdə fəaliyyətin ardıcıl davam etməsinin səmərəliliyini, filoloq tələbələrin müstəqil tədqiqatçılıq qabiliyyətinin, dövlətçilik və vətəndaşlıq hissinin inkişafında rol oynayacağını bildiriblər.

İctimaiyyətlə əlaqələr şöbəsi
27.12.2021

DİGƏR XƏBƏRLƏR