XƏBƏRLƏR

Azərbaycan Universitetində yeni dekan təyinatı

Azərbaycan Universitetində yeni dekan təyinatı

14 avqust 2018

Baxış sayı: 5864

Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsində dekan vəzifəsinə yeni təyinat olub. Vəzifəyə Azərbaycan Universiteti rektorunun məsləhətçisi Əli Həsənov təyin olunub.

Əli müəllimi bu təyinat münasibəti ilə təbrik edir, inzibati və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq!

Əli Nazim oğlu Həsənov 1988-cı ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının Qaz-neft-mədən fakültəsini bakalavr dərəcəsi üzrə, 2013-cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsini magistr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirib.

2008-2009-cu illərdə hərbi xidmətdə olub.

2009-cu ildə Bakı şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Şahmat Dama məktəbində məşqçi-müəllim vəzifəsində çalışıb.

2010-2011-ci illərdə Vergilər Nazirliyinin Kadr siyasəti və hazırlığı idarəsində böyük mütəxəssis vəzifəsində; 2011-2014-cü illərdə Vergilər Nazirliyinin Aparatının rəhbərinin müavini-Dəftərxana və arxiv şöbəsinin rəisi vəzifəsində; 2014-2015-ci illərdə Vergilər Nazirliyinin İnsan resursları idarəsinin rəisinin birinci müavini vəzifəsində; 2015-ci ilin sentyabr ayından 2016-cı ilin may ayınadək Vergilər Nazirliyinin Aparatının rəhbəri vəzifəsində; 2016-cı ilin may ayının 18-dən 2018-ci ilin mart ayının 6-dək Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi vəzifəsində çalışıb. Vergi xidməti müşaviri xüsusi rütbəsində olub.

7 mart 2018-ci ildən AFAM GROUP MMC-nin Direktorlar Şurasının üzvüdür.

Əli Həsənov həmçinin Azərbaycan Universitetinin rektorunun elmi-pedaqoji məsləhətçisi vəzifəsində əvəzçilik üzrə çalışır, eyni zamanda Universitetin dissertantıdır.

Vergilər Nazirliyində işlədiyi müddət ərzində Nazirliyin Kollegiyasının və Appelyasiya Şurasının üzvü, İşə qəbul üzrə Müsahibə Komissiyasının və Tədris-Metodiki Şuranın sədr müavini olub. İnsan resursları və tədris sahəsində nazirliyi dəfələrlə beynəlxalq tədbir və konfranslarda təmsil edib. Qeyd olunan sahələr üzrə nazirliyə yeni işə qəbul edilmiş əməkdaşlara və təcrübəli mütəxəssislərə uzun və qısa müddətli təlimlər keçib.

Vergilər Nazirliyinin Tədris Mərkəzi tərəfindən nəşr edilən və Təhsil Nazirliyinin qrifi ilə ali və orta-ixtisas təhsil müəssisələrində dərslik kimi istifadəsinə rəy verilən “Vergi inzibatçılığı” kitabının müəlliflərindən biridir.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 9 fevral tarixli 1038 nömrəli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib.

Ailəlidir.

İctimaiyyətlə əlaqələr şöbəsi
14.08.2018

DİGƏR XƏBƏRLƏR