XƏBƏRLƏR

Azərbaycan Universitetindən bu il 365 nəfər məzun olur

Azərbaycan Universitetindən bu il 365 nəfər məzun olur

30 iyun 2022

Baxış sayı: 2051

Azərbaycan Universitetinin 2021/2022-ci tədris ili məzunlarına həsr olunmuş XXVIII buraxılış “Məzun Günü”nün rəsmi hissəsi keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, qonaqlar və məzunlar iştirak ediblər.

Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni və Azərbaycan Universitetinin Himni səsləndirilib. 

Rəsmi hissədə universitetin rektoru Səadət Əliyeva açılış nitqi ilə çıxış edib. Rektor çıxışında ümummilli lider Heydər Əliyevin “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz” sözlərini xatırladaraq qeyd edib ki, rəhbərlik etdiyi təhsil müəssisəsi dövlətimizin ali təhsil qarşısında qoyduğu vəzifələri həyata keçirmək üçün bütün imkanlarını öz tələbələrinə təqdim edib. Tədrisi aparılan bütün ixtisaslar üzrə hərtərəfli bilik və bacarıqlara malik mütəxəssislər hazırlamaq, mənəvi cəhətdən sağlam gənclər yetişdirmək üçün Azərbaycan Universiteti texniki və kadr potensialını səfərbər edib. Səadət Əliyeva çıxışında məzunları təbrik edib, həyatlarının bundan sonrakı dövründə, iş həyatında yaxud təhsilin növbəti pilləsində uğurlar arzulayıb.

Tədbirin qonağı psixoloq Elnur Rüstəmov məzunlara xoş arzularını çatdırıb, təhsilin universitet həyatı ilə məhdudlaşmadığını bildirib. Psixoloq vurğulayıb ki, ömür boyu təhsil əmək bazarında rəqabət qabiliyyətini təmin edir, məzunlar bu prosesə hazır olmalıdırlar.

Tədbirin qonaqları arasında universitetin 2017-ci il Kompüter mühəndisliyi ixtisası üzrə məzunu, “Hədəf” liseyinin İnformatika kafedrasının müdiri və olimpiadalar üzrə koordinator Məmməd Kərimli də olub. Məmməd Kərimli çıxışında tələbəlik illəri ilə bağlı xatirələrini tədbi iştirakçıları ilə bölüşüb.

Humanitar fənlər fakültəsinin dekanı Səfər Məmmədov, İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Maliyyə və iqtisadiyyat kafedrasının müdiri Nəriman Böyükkişi, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev çıxış edərək məzunları təbrik edib, xoş arzularını bildiriblər. Şahmar Tağıyev Azərbaycan Universitetinin 4 tələbəsinə rayonun ictimai həyatında fəallıq nümayiş etdirdiklərinə görə fəxri fərman təltif edib.

Qeyd edək ki, Azərbaycan Universitetinin bu il 274-ü bakalavriat, 91-i magistratura pilləsində olmaqla 365 məzun bitirir. Biznes və iqtisadiyyat fakültəsinin tələbəsi Nəcibə Əliyeva  91,12 orta müvəffəqiyyət göstəricisi ilə 2021/2022-ci tədris ilində Azərbaycan Universitetindən  birinciliklə məzun olub. XXVIII buraxılış Məzun Günündə Nəcibə Əliyevaya və yüksək göstəricilərlə məzun olan daha 10 tələbəyə Azərbaycan Universiteti rektorunun fəxri fərmanları təqdim olunub. Adını universitetin tarixinə yazdıran Nəcibə Əliyeva 2021/2022-ci tədris ili məzunları adından çıxış edərək universitet kollektivinə və müəllimlərinə təşəkkür edib.

Rəsmi hissə müğənni İlkin Fuadın konsert proqramı ilə davam edib. Tədbirin bədii hissəsi bu gün “Excelsior Hotel&Spa Baku”da, hovuz başında keçiriləcək.

İctimaiyyətlə əlaqələr şöbəsi
30.06.2022

DİGƏR XƏBƏRLƏR