XƏBƏRLƏR

Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə Türkiyədə beynəlxalq konqres keçirilib

Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə Türkiyədə beynəlxalq konqres keçirilib

18 noyabr 2018

Baxış sayı: 3754

Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə Türkiyənin Kocaeli şəhərində keçirilən IV Avropa İqtisadi Konqresi başa çatıb. Beynəlxalq tədbirin digər təşkilatçıları Kocaeli Universiteti və Polşanın WSB Universitetidir.

15-17 noyabr tarixləri arasında keçirilən nüfuzlu beynəlxalq tədbirdə 16 ölkədən 130 tədqiqatçı iştirak edib. Müasir iqtisadiyyatın aktual problemlərinə həsr edilmiş 80 məruzə dinlənilib və bu istiqamətdə təşkil edilən sessiyalarda müzakirələr aparılıb.

Konqresdə Azərbaycan Universitetini Elmi işlər üzrə prorektor, professor Yusif Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Maliyyə və iqtisadiyyat kafedrasının dosenti Nəriman Böyükkişi və kafedranın baş müəllimi Ruhəngiz Əliyeva tədbirin sessiyasında məruzə ilə çıxış ediblər. Dosent Nəriman Böyükkişinin “Azərbaycanın neft maşınqayırmasının iqtisadi potensialı” mövzusunda məruzəsində mаşınqayırma müəssisələrində мövcud iqtisadi potensialın qiymətləndirilməsi problemlərinin tədqiqi və istifadənin səmərəliliyinin yüksəldilməsi yolları müəyyən edilir, müasir dövrdə Azərbaycanın neft maşınqayırma müəssisələrinin istehsal-təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması üçün təkliflər irəli sürülür.

Ruhəngiz Əliyevanın  “Azərbaycanda məşğulluq səviyyəsinin müasir vəziyyəti” adlı məruzəsində isə  məşğulluğun inkişaf imkanları istiqamətində makroiqtisadi siyasətinin əsas məqsədlərindən birinin əmək qabiliyyətli insanların məşğulluğunun lazımı səviyyədə təmin etməyə yönəldilmək məsələləri araşdırılır, məşğulluğun yüksək səviyyədə təmin olunması məqsədilə ölkədə olan məhsuldar qüvvələrdən səmərəli istifadəyə təsir  imkanları təhlil edilir, həmçinin Azərbaycanda məşğulluğun artırılması istiqamətində müvafiq təkliflər irəli sürülür. Konfransa təqdim olunmuş məqalənin digər müəllifi isə kafedranın baş müəllimi Qətibə Nəcəfovadır.

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva IV Avropa İqtisadi Konqresinin təşkilat komitəsinin fəxri sədrlərindən biridir. Elmi işlər üzrə prorektor Yusif Qasımov və universitetin professoru Rövşən Quliyev tədbirin elm komitəsinin, Biznes və iqtisadiyyat fakültəsinin dekanı Əli Həsənov, Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva və Maliyyə və iqtisadiyyat kafedrasının dosenti Nəriman Böyükkişi təşkilat komitəsinin üzvləridir.

Qeyd edək, Avropa İqtisadi Konqresinin 2019-cu ildə Azərbaycan Universitetində keçirilməsi planlaşdırılır.

İctimaiyyətlə əlaqələr şöbəsi
18.11.2018


DİGƏR XƏBƏRLƏR