XƏBƏRLƏR

Azərbaycan Universitetinin müəllim və tələbələri “Unudulmazlar” saytının təqdimat mərasimində iştirak edib

Azərbaycan Universitetinin müəllim və tələbələri  “Unudulmazlar” saytının təqdimat mərasimində iştirak edib

01 noyabr 2022

Baxış sayı: 5046

Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müəllimləri professor, hüquq elmləri doktoru Mayis Əliyev və Ülvi Əliyev Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş və Gənclərlə iş ixtisaslarında magistratura təhsili alan tələbələrlə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi ilə hazırlanan “Unudulmazlar” saytı və mobil tətbiqinin təqdimat mərasimində iştirak ediblər. Saytın əsas məqsədi ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmlarımız və Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin cəmiyyətə daha yaxından tanıdılması və diqqətdə saxlanılmasıdır. 

Millət vəkilləri, qeyri-hökümət təşkilatlarının nümayəndələrinin də iştirak etdiyi tədbirdə agentliyin idarə heyətinin sədri Vüqar Behbudov çıxış edərək  bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi əsasında şəhid ailələri və müharibə veteranları ilə bağlı geniş miqyaslı sosial dəstək proqramı icra olunur. Proqram çərçivəsində artıq 119 min şəxsə  dəstək yönümlü 243 min xidmət göstərilib. O cümlədən, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4 min, ümumilikdə ötən dövrdə 13 minədək mənzil və fərdi ev verilib.

Daha sonra Vətən müharibəsi şəhidləri İman və Bəhram Məmmədov qardaşlarının atası Elman Məmmədov çıxış edərək bu layihənin əhəmiyyətini vurğulayıb. Cəsur Vətən övladlarının cəmiyyətə tanıdılmasında, onların şücaətlərlə zəngin döyüş yolu barədə ictimaiyyətin geniş məlumatlandırılmasında, qəhrəmanlıqlarının gələcək nəsillərə çatdırılmasında bu saytın, mobil tətbiqin mühüm rola malik olduğunu qeyd edib.

Təqdimat mərasimində professor Mayis Əliyev də çıxış edərək layihənin gən tədqiqatçılar üçün əhəmiyyətinə diqqət çəkib, layihənin qəhrəmanlarımızın həm ölkə daxilində, həm də xaricdə tanıdılmasına xidmət edəcəyini vurğulayıb. 

Qeyd edək ki, saytda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müharibə dövründə yazdığı tvitlər, şəhidlərimizin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin həyat və döyüş yolunu özündə əks etdirən məlumatlar, foto və videolar, təltifləri və ailə üzvləri haqqında məlumatlar təqdim olunur. Həmçinin ad, soyad, ata adı və digər kriteriyalar üzrə də axtarış imkanı yaradılıb. Saytı hər bir kəs IOS və Android sistemlərindən yükləyə bilər.

İctimaiyyətlə əlaəqlər şöbəsi

DİGƏR XƏBƏRLƏR