XƏBƏRLƏR

Azərbaycan Universitetinin məzunları PTE sertifikatının ən yüksək səviyyəsini əldə edib

Azərbaycan Universitetinin məzunları  PTE sertifikatının ən yüksək səviyyəsini əldə edib

02 sentyabr 2020

Baxış sayı: 2724

Azərbaycan Universitetinin 2020-ci il məzunları PTE (Pearson Test of English) imtahanında uğur əldə edərək beynəlxalq dil sertifikatının ən yüksək səviyyəsini əldə ediblər. Bu göstərici sertifikatın “Advanced” (Level-4 ) səviyyəsidir və beynəlxalq imtahanların ekvivalentliyi üzrə C1= IELTS 7.5 və ya TOEFL 102-109-a bərabərdir. Təlimlərin və imtahanın xərcləri Azərbaycan Universiteti tərəfindən qarşılanıb.

Uğurlu məzunlar Nicat Zeynalov və Elimxan Əliyev Biznes və iqtisadiyyat fakültəsini ingilisdilli maliyyə ixtisası üzrə bitiriblər. Elimxan Əliyev imtahanda yüksək nəticə göstərərək daha üstün sertifikat (pass with merit) əldə edib. Məzunlara sertifikatları Xarici dillər kafedrasının müdiri Samirə Məmmədova təqdim edib.

Nicat Zeynalov magistratura təhsili üçün İtaliyanı seçib. Magistraturaya qəbul imtahanının nəticələrinə görə 93 bal toplayaraq respublika ikincisi olan Elimxan Əliyev isə təhsilini Azərbaycan Universitetində davam etdirəcək.

Qeyd edək ki, PTE (Pearson Test of English) IELTS və TOEFL ilə yanaşı ingilis dili biliyini beynəlxalq səviyyədə təsdiq edən ən məşhur sertifikatlardan biridir. Azərbaycan Universiteti  PTE-nin imtahan alt mərkəzi kimi təsdiq olunub. Universitetin bu sertifikatın təlimlərini və imtahanlarını təşkil etmək hüququ var.

İctimaiyyətlə əlaqələr şöbəsi
02.09.2020


DİGƏR XƏBƏRLƏR