XƏBƏRLƏR

Azərbaycan Universitetinin müəllimi "Azərtac"a müsahibə verib

Azərbaycan Universitetinin müəllimi

14 noyabr 2018

Baxış sayı: 4123

Azərbaycan Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının dosenti Lalə Əliquliyeva Azərbaycan Dövlət İnformasiya Agentliyi Azərtac-a müsahibə verib. Müsahibədə qeyd olunub ki, bu gün istər şifahi, istərsə də yazılı nitqdə Azərbaycan dilinin qaydalarının pozulduğu müşahidə edilir. Eləcə də KİV-lərdə və internetdə dillə bağlı müəyyən nöqsanlara yol verilir. Zəngin leksik tərkibə və aydın qrammatik quruluşa malik olan Azərbaycan dilinin imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları, təəssüf ki, geniş yayılıb. Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı dövlətimizin başçısının ana dilimizin tətbiqi, təbliği, onun saflığının qorunması və inkişafına göstərdiyi diqqət və qayğıya daha bir nümunədir.

Dosentimiz diqqətə çatdırıb ki, televiziya və radio aparıcılarında, xüsusən gənclərdə ünsiyyət və diskussiya mədəniyyəti, danışıq etikası, qarşısındakı şəxsin nitqini dinləmə bacarığı, mimika və jestdən istifadə qaydaları, yaşa, vəzifəyə və münasibətə görə müraciət formalarından düzgün istifadə olunması vərdişlərinin aşılanması zəruridir.

Lalə Əliquliyevanın fikrincə, ali təhsil müəssisələrində Azərbaycan ədəbi dilinin tarixi, tarixi qrammatika, nitq mədəniyyəti, ümumi dilçilik, Azərbaycan dilinin tədrisi metodikası və digər fənlərin müasir dövrün tələbləri baxımından öyrədilməsi, milli kurikulumun, yeni texnologiyaların dil tədrisində tətbiqi qarşıya qoyulan məqsədlərdən olmalıdır. Eləcə də dərs prosesində günün aktual problemlərinin geniş müzakirəsinə yer ayırmaqla ana dili, mədəniyyət, dünya sivilizasiyası, qloballaşma və digər məsələlərin şərhini tədris prosesi ilə əlaqələndirmək bütün ali və orta məktəblərdə Azərbaycan dilinin tədrisinin əsas qayəsini təşkil etməlidir.

Ətraflı məlumat üçün keçidə daxil olun:

https://azertag.az/xeber/Azerbaycanin_her_bir_vetendasi_edebi_dilimizi_qorumalidir-1214302

İctimaiyyətlə əlaqələr şöbəsi
14.11.2018

DİGƏR XƏBƏRLƏR