XƏBƏRLƏR
Azərbaycan Universitetinin prorektoru beynəlxalq riyaziyyat məktəbində seminar aparacaq
Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov Nəzəri və Tətbiqi Riyaziyyat Beynəlxalq Mərkəzi (CIMPA - Centre Internatıonal de Mathématıques Pures et Applıquées) tərəfindən Türkiyənin İzmir şəhərində təşkil olunacaq beynəlxalq riyaziyyat məktəbində seminar aparacaq. Seminar hər biri 80 dəqiqə olmaqla 3 mühazirədən ibarət olacaq. Yusif Qasımov seminar dinləyicilərini formaya görə optimallaşdırma sahəsində əldə etdiyi son nəticələr ilə tanış edəcək.
Mərkəzi Fransada olan CIMPA özünün “CIMPA Schools” layihəsi çərçivəsində dünyanın müxtəlif ölkələrində gənc tədqiqatçılar üçün riyaziyyatın müxtəlif istiqamətləri üzrə məktəblər təşkil edir. Məktəblərə həmin istiqamətlər üzrə dünyanın tanınmış alimləri dəvət olunur. Növbəti belə məktəb oktyabrın 27-də İzmirin Şirince bölgəsində yerləşən “Nesin Matematik Köyü”ndə başlayıb. Noyabrın 3-dək davam edəcək “West Asia Mathematical School”a Fransa, Azərbaycan, İraq və Mərakeşdən alimlər dəvət olunublar. Seminarların dinləyiciləri isə Qərbi Asiyanın müxtəlif ölkələrini təmsil edən gənc tədqiqatçılardır.
İctimaiyyətlə əlaqələr şöbəsi
30.10.2019