XƏBƏRLƏR

Azərbaycan Universitetinin tələbə qəbulu planına yeni ixtisaslar əlavə olunub

Azərbaycan Universitetinin tələbə qəbulu planına yeni ixtisaslar əlavə olunub

22 iyun 2023

Baxış sayı: 1403

Azərbaycan Universitetinin 2023/2024-cü tədris ili üçün qəbul planına yeni ixtisaslar əlavə olunub. İş dünyasının tələb və öncəlikləri nəzərə alınaraq bu ildən başlayaraq bakalavriat səviyyəsində “Korreksiyaedici təlim” ixtisası, magistratura səviyyəsində isə 26-cı proqramda yer alan “Heyətin idarə edilməsi” və “Menecment (sahələr üzrə)” ixtisaslaşmaları üzrə kadr hazırlığına start verilir.  

III ixtisas qrupunda yer alan “Korreksiyaedici təlim” xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrlə aparılan işin yüksək peşəkarlıqla qurulmasına yönələn çox vacib peşə sahəsidir. Onların təlim-tərbiyəsi, reabilitasiyası və fəal həyata adaptasiyası təhsil sahəsində xüsusi yanaşma tələb edən sahələrdəndir. “Korreksiyaedici təlim” ixtisası məhz bu sahə üzrə mütəxəssislər hazırlayır.

III ixtisas qrupunda yer alan “Sosial iş” ixtisasının tədrisi indiyə qədər Azərbaycan dilində aparılırdı. Bu ildən başlayaraq isə ingilis bölməsi üzrə də tələbə qəbulu həyata keçiriləcək. Bu ixtisasın tədris planı 5 il müddətinə beynəlxalq akkreditasiyadan keçib. Akkreditasiya prosesi Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik (IAAR - Independent Agency For Accreditation and Rating) tərəfindən aparılıb. Bu, həm Azərbaycan Universitetinin, həm də ölkədə “Sosial iş” ixtisasının tarixində bir ilkdir.  

II ixtisas qrupunda plan yerləri artıb. Bu qrupda digər bir yenilik isə ondan ibarətdir ki, “Biznesin idarə edilməsi” ixtisasına qiyabi təhsil formasında da tələbə qəbulu həyata keçiriləcək. 

I ixtisas qrupunda yer alan “İnformasiya təhlükəsizliyi” ixtisasının tədrisi bu ildən başlayaraq Azərbaycan dili ilə yanaşı ingilis dilində də aparılacaq. İngilis bölməsi üzrə 10 yer ayrılıb. Bu qrupda yer alan “İnformasiya texnologiyaları” ixtisasına tələbə qəbulu indiyə qədər yalnız əyani formada olub. Yeni tədris ilindən isə qiyabi təhsil formasında da kadr hazırlığına başlanır. 

Magistratura səviyyəsində 26-cı proqram üzrə 2 yeni ixtisaslaşma açılıb. Bunlar “Heyətin idarə edilməsi” və “Menecment (sahələr üzrə)” ixtisaslaşmalarıdır. Qəbul həm Azərbaycan, həm də ingilis bölməsi üzrə aparılacaq. 

Qəbul planında daha bir yenilik öz əksini tapıb. Belə ki, Azərbaycan Universiteti ilə İtaliyanın Tuscia Universiteti arasında cari ildə imzalanan müqaviləyə əsasən MBA proqramının “Marketinq” istiqaməti üzrə ikili diplom proqramı həyata keçiriləcək. Bununla da Azərbaycan Universitetinin beynəlxalq ikili diplom proqramlarının sayı 2-yə çatıb. Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti (XNURE) arasında 2019-cu ildə imzalanan müqaviləyə əsasən “Kompüter mühəndisliyi” istiqaməti üzrə bakalavriat və magistratura səviyyələrində beynəlxalq ikili diplom proqramı tətbiq olunur.

Abituriyentlərin nəzərinə çatdırmaq istəyirik ki, Azərbaycan Universitetinə qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır. Bakalavriat səviyyəsi üzrə bütün ixtisaslara, magistratura səviyyəsi üzrə isə MBA xaricində bütün ixtisaslaşmalara  dövlət sifarişi ilə (ödənişsiz) qəbul mümkündür. Bakalavriat pilləsində ingilis dilində tədris olunan ixtisaslarda tələbələrin ingilis dili hazırlığı üçün 1 (bir) tədris ili ayrılmaqla tədris müddəti 5 ildir. Bu ixtisaslarda müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır.

Azərbaycan Universitetinin 2023/2024-cü tədris ili üçün bakalavriat və magistratura səviyyələri, həmçinin MBA proqramına tələbə qəbul planı ilə keçidə daxil olaraq tanış ola bilərsiniz.

Bakalavriat səviyyəsinə tələbə qəbulu planı

https://au.edu.az/az/admission/bakalavriata-gebul

Magistratura səviyyəsinə tələbə qəbulu planı

https://au.edu.az/az/admission/magistraturaya-qebul

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR