XƏBƏRLƏR

Azərbaycan Universitetinin rektoru Misir Mədəniyyət Mərkəzinin qonağı olub

Azərbaycan Universitetinin rektoru Misir Mədəniyyət Mərkəzinin qonağı olub

19 fevral 2018

Baxış sayı: 7327

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva  Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin nəzdindəki Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin qonağı olub. Görüşdə mərkəz ilə Azərbaycan Universiteti arasında birgə tədbir və təhsil layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Mərkəzin müdiri Əhməd Sami Elaydi rəhbərlik etdiyi qurumun yaranma tarixi və Azərbaycandakı fəaliyyəti haqqında məlumat verib. Qeyd olunub ki, mərkəz 20 ildir ki, fəaliyyət göstərir və iki ölkə arasında elm, təhsil və mədəni əlaqələrin genişləndirilməsində böyük rol oynayır.

Rektor Səadət Əliyeva bildirib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsi  çoxşaxəli beynəlxalq əlaqələrin qurulmasına və genişləndirilməsinə əhəmiyyət verir, müəllim və tələbə mübadiləsi aparır və birgə layihələr həyata keçirir. Rektor mərkəzin rəhbərinə və kollektivinə Misir və Azərbaycan arasında dostluq əlaqələrinin inkişafına verdiyi töhfələrə görə təşəkkür edib.

Əhməd Sami Elaydi daha sonra universitet heyətini mərkəzin konfrans zalı, dərs otaqları, kitabxanası və səyyar sərgi materialları ilə tanış edib. Qeyd olunub ki, mərkəzin kitabxana fondunda ərəb, azərbaycan və ingilis dillərində 10 mindən çox kitab toplanıb. Kitablar elektron kataloqlaşdırılıb və tələbələrin istifadəsinə verilib. 

Görüş Misir turizmini əks etdirən video-çarxın nümayişi ilə yekunlaşıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
19.02.2018


DİGƏR XƏBƏRLƏR