XƏBƏRLƏR
Azərbaycan xalqının milli kimlik məsələləri beynəlxalq konfransda müzakirə olunub
Azərbaycan Universitetində “Azərbaycan xalqının etnogenezi və milli kimlik məsələsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycan türklərinin qədim zamanlardan Qafqazda yaşamasının sübutları, qonşularla münasibətləri, Qafqaz xalqlarının formalaşmasına təsir edən amillər, filoloji düşüncə tərzində etnogenez məsələləri, etnogenez və identikliyin fəlsəfi aspektləri, mədəniyyət və incəsənət nümunələrində milli kimlik elementlərinin araşdırılması kimi məsələlər müzakirə olunub.
Beynəlxalq konfransı giriş sözü ilə Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva açıb. Rektor çıxışında bildirib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsi konfrans təşkil edərkən adətən Azərbaycan xalqının və dövlətinin həyatında aktual olan mövzulara üstünlük verir, bu məsələlərin müzakirəsi üçün platforma təqdim etməyə çalışır. Səadət Əliyeva konfransda Azərbaycan xalqının etnogenezinin tarix, dil, mədəniyyət kimi aspektlərdən təhlil olunacağını və xalqımızın qədimliyinin, tarixi torpaqlarımızın sahibi olmasının elmi faktlarla sübut olunacağına əminliyini ifadə edib.
Bu günlərin hər birimiz üçün xüsusi bir dövr olduğunu sözlərinə əlavə edən rektor “Çünki iki il bundan əvvəl yaşadığımız hər gün bizi Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 8 noyabra – möhtəşəm qələbə gününə yaxınlaşdırırdı. Hərbi qələbədən sonra daha çətin olanı – siyasi və hüquqi qələbəyə də ehtiyac duyulur ki, burada da elmi yanaşmalar xüsusi əhəmiyyət kəsb edir” – deyə vurğulayıb.
Konfransın açılış mərasimində Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov də çıxış edib. Azərbaycan cəmiyyətində milli məsələlər ilə bağlı müzakirələrin aktual olduğunu və dünyada Azərbaycan əleyhinə ciddi təbliğat aparıldığını qeyd edən millət vəkili çıxışında konfransın bu baxımdan əhəmiyyətini vurğulayıb.
Konfransın plenar məruzəçiləri AMEA-nın həqiqi üzvləri, akademik Yaqub Mahmudov və akademik Nizami Cəfərov olub. Akademik Yaqub Mahmudovun məruzəsi “Azərbaycan xalqının təşəkkülü prosesi necə saxtalaşdırılmışdır” mövzusuna həsr olunub. Akademik Nizami Cəfərov isə “Qədim zamanlarda Azərbaycanda etnodil prosesləri” mövzusunda məruzə ilə çıxış edib.
Konfransın plenar iclası Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, r.e.d. Yusif Qasımovun çıxışı ilə yekunlaşıb. Prorektor tədbirdə iştirak etmək üçün Azərbaycan Universitetinə gələn bütün qonaqlara, həmçinin konfransın təşkilat komitəsinə səmərəli və məhsuldar fəaliyyət üçün təşəkkür edib.
Açılış mərasiminin və plenar iclasın ardından konfrans işini tarix (Azərbaycan xalqının etnogenezi Qafqaz regionunda etnik proseslər kontekstində), filologiya (Filoloji düşüncə tərzində etnogenez problemləri), fəlsəfə (Etnogenez və identikliyin fəlsəfi aspektləri), mədəniyyət (Mədəniyyət və incəsənət abidələrimizdə milli kimlik məsələsi) olmaqla 4 bölmə iclasında davam etdirib.
İctimaiyyətlə əlaqələr şöbəsi