XƏBƏRLƏR

Azərbaycan dili və ədəbiyyat kafedrasında Özbəkistan nümayəndə heyəti ilə görüş olub

Azərbaycan dili və ədəbiyyat kafedrasında Ürgənc Dövlət Pedaqoji İnstitutunun nümayəndələri - Filologiya və sənət fakültəsinin dekanı Zəfər Adilov, Ümumi filologiya kafedrasının müdiri Marğuba Matquliyeva, kafedranın əməkdaşları Anorgul Atajonova, Nasiba Sobirova  ilə görüş olub. Azərbaycan dili və ədəbiyyat kafedrasının professoru Asif Hacıyev, filologiya üzrə elmlər doktoru Şaban Hüseynov, dosent Lalə Əliquliyevanın iştirak etdiyi görüşdə qeyd olunub ki, iki dost və qardaş ölkə arasındakı əlaqələr, o cümlədən mədəni əməkdaşlıq uğurla davam edir. Görüş iştirakçıları ölkələr arasındakı əlaqələrin yeni inkşaf mərhələsinə qədəm qoyduğunu bildirib, dostluq və tərəfdaşlıq münasibətlərinin hazırkı vəziyyətindən məmnuniyyətlərini ifadə ediblər. 

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər, o cümlədən müəllim-professor heyəti  və tələbələrin qarşılıqlı mübadiləsi, elm və tədris sahəsində əməkdaşlığın istiqamətləri müzakirə olunub. Ortaq türk mədəniyyəti, ortaq türk dili kimi sahələrdə birgə tədqiqatların aparılması, folklor, klassik ədəbiyyat, yeni dövr ədəbiyyatı, maarifçilik kimi aktual məsələlərə dair müzakirələrin keçirilməsi, elmi jurnalların dərc olunması barədə fikirlər səsləndirilib, təkliflər irəli sürülüb. Müəyyən fənlər üzrə  birgə mühazirə və praktik məşğələlərin keçirilməsi məqsədəuyğun hesab edilib. Əməkdaşlığın möhkəmləndirilməsi, səmərəliliyinin artırılması üçün Ürgənc  Dövlət Pedaqoji İnstitutunda Azərbaycan mədəniyyət mərkəzinin, həmçinin Azərbaycan Universitetində  Özbək mədəniyyət mərkəzinin açılması təklifi irəli sürülüb. 

Qeyd edək ki, Ürgənc  Dövlət Pedaqoji İnstitutunun nümayəndələri Azərbaycan Universitetində keçirilən və ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan “Heydər Əliyev və Türk Dünyası” beynəlxalq konfransında  iştirak etmək üçün Bakıda səfərdədirlər.  2023-cü ilin yanvar ayında universitetlər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR