XƏBƏRLƏR
Azərbaycan Universiteti bakalavriat səviyyəsinə 24 ixtisas üzrə qəbul aparır
Azərbaycan Universiteti 2023/2024-cü tədris ili üçün bakalavriat səviyyəsinə 24 ixtisas üzrə qəbul aparır. Bütün ixtisaslara dövlət sifarişi ilə qəbul mümkündür. Qəbul planı, keçid balları, ödənişli əsaslarla qəbul olan tələbələr üçün illik təhsil haqqı məbləği, imtiyazlı tələbələr, xaricdə təhsil və akademik təcrübə haqqında məlumat universitetin saytında və digər internet resurslarında yerləşdirilib.
Qəbul planında bir sıra yeniliklər öz əksini tapıb. Belə ki, bu ildən başlayaraq “Korreksiyaedici təlim” ixtisası üzrə də kadr hazırlığına start verilir. III qrupda yer alan bu ixtisas xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələr, o cümlədən əlilliyi müəyyən edlmiş şəxslərlə aparılan işin yüksək peşəkarlıqla qurulmasına yönələn çox vacib peşə sahəsidir.
I qrupda yer alan “İnformasiya təhlükəsizliyi” və III qrupda yer alan “Sosial iş” ixtisaslarının tədrisi bu ildən başlayaraq Azərbaycan dili ilə yanaşı ingilis dilində də aparılacaq. Tədrisi ingilis dilində aparılan ixtisaslara qəbul olan tələbələr üçün təhsil müddəti 1 il dil hazırlığı olmaqla 5 ildir.
Sosial iş ixtisasının tədris planı 5 il müddətinə beynəlxalq akkreditasiyadan keçib. Akkreditasiya prosesi Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik (IAAR - Independent Agency For Accreditation and Rating) tərəfindən aparılıb. Bu, həm Azərbaycan Universitetinin, həm də ölkədə “Sosial iş” ixtisasının tarixində bir ilkdir.
I ixtisas qrupunda yer alan “İnformasiya texnologiyaları” və II ixtisas qrupunda yer alan “Biznesin idarə edilməsi” ixtisaslarına tələbə qəbulu indiyə qədər yalnız əyani formada olub. Yeni tədris ilindən başlayaraq isə qiyabi təhsil formasında da kadr hazırlığına başlanır.
Ödənişli əsaslarla qəbul olan tələbələr də II semestrdən başlayaraq dövlət büdcəsinin vəsaiti hesabına təqaüd ala bilirlər. Təqaüdlərin aylıq məbləği tələbənin akademik göstəricilərindən asılıdır və hər semestrin sonunda yenidən dəyərləndirilir. Universitetə ən yüksək balla qəbul olan tələbə bu il də Şəhid Fəxrəddin Qurbanlı təqaüdünü alacaq.
Qeyd edək ki, Azərbaycan Universitetinə qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır.
Bakalavriat səviyyəsinə tələbə qəbulu planı ilə keçidə daxil olaraq tanış ola bilərsiniz:
https://au.edu.az/az/admission/bakalavriata-gebul
İctimaiyyətlə əlaqələr şöbəsi