XƏBƏRLƏR

Azərbaycan Universitetinin tələbələri “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında iştirak edib

Azərbaycan Universitetinin tələbələri “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında iştirak edib

19 oktyabr 2023

Baxış sayı: 1313

Azərbaycan Universitetinin tələbələri Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” IX ümumrespublika bilik yarışında iştirak edib. Artıq ənənəyə çevrilən layihənin məqsədi Azərbaycan tarixi və bu il 100 illiyi qeyd edilən ümummilli lider Heydər Əliyevin həyatı, çoxşaxəli fəaliyyəti, irsinin tədqiqi, öyrənilməsi və təbliğidir. 

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə bu il 18 oktyabr – Müstəqilliyin Bərpası Günündə baş tutan yarışda ölkənin 50 ali təhsil müəssisəsinin komandaları iştirak edib. Hər ali təhsil müəssisəsini 6 nəfərdən ibarət komanda təmsil edib. 

Bilik yarışında əvvəlcə Heydər Əliyevin gənclərlə görüşlərini, ulu öndərin onlara mühüm tövsiyələrini və Heydər Əliyev yolunun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsini əks etdirən videoçarx nümayiş olunub. Ardınca iştirakçılar “Heydər Əliyevin uşaqlıq və gənclik illəri”, “Heydər Əliyev və Azərbaycanın müstəqillik illəri”, “Heydər Əliyev və Qarabağ həqiqətləri”, “Azərbaycan ordusunun Vətən müharibəsində zəfər yürüşü” və digər mövzularda biliklərini sınayıblar.

Münsiflər heyətinin qiymətləndirməsinə əsasən I, II və III yerləri tutan komandalar mükafatlandırılıblar. Azərbaycan Universitetinin Əlağa Əzizli, Fidan Sarayeva, Emil Muradlı, Səid Məmmədov, Şövkət Əliyeva, Selcan Məmmədova, Yusif Nəbizadə və Rəhim Bayramovdan ibarət komandası yarışı yüksək nəticə ilə başa vuraraq ilk onluqda – 8-ci yerdə qərarlaşıb. 

Qeyd edək ki, “Heydər Əliyev və Azərbaycan tarixi’’ adlı ümumrespublika bilik yarışı 2014-cü ildən başlayaraq hər il keçirilir. Komandalar yarışa hazırlıq mərhələsində Heydər Əliyev Mərkəzində təşkil olunan təlimlərdə iştirak edir, Heydər Əliyev Muzeyində saxlanılan arxiv materialları ilə tanış olurlar.

 İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR