XƏBƏRLƏR

Azərbaycan Universiteti 2-ci Ardıcıl Tərcümə Müsabiqəsində təmsil olunub

Biznes və İqtisadiyyat fakültəsinin Biznesin idarə edilməsi (tədris ingilis dilində) ixtisası üzrə 2-ci kurs tələbəsi Xəyyam Əsədov Xəzər Universitetində keçirilən 2-ci Milli Ardıcıl Tərcümə Müsabiqəsinin final mərhələsində Azərbaycan Universitetini təmsil edib. Müsabiqədə respublikanın 4 universitetini təmsil edən 8 finalçı iştirak edib. Müsabiqənin finalçıları üç mərhələli seçim əsasında müəyyən olunub. 

Tədbir Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı və universitetin rektoru dosent İradə Xəlilovanın açılış nitqləri ilə başlayıb. Ardınca iştirakçılar, o cümlədən Xəyyam Əsədov ingilis, Azərbaycan və rus dillərində olan canlı çıxışları tərcümə ediblər. Çıxışçılar Beynəlxalq biznes məsləhətçisi, ingilis dilinin tədrisi üzrə mütəxəssis, filologiya üzrə fəlsəfə doktoru Vahid Əsgəri və Xəzər Universitetinin müəllimləri Gülafət Şəfiyeva və Qriqorii Penkov olub. 

Vahid Əsgəri “Ardıcıl tərcümənin əhəmiyyəti və bacarıqları” mövzusunda məruzə ilə çıxış edib. Gülafət Şəfiyeva və Qriqorii Penkovun  çıxışları isə bu il noyabrrın 11-dən 22-dək Bakıda keçiriləcək mötəbər COP 29 tədbirinə həsr olunub. 

Finalçıları 7 nəfərdən ibarət Münsiflər heyəti əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında qiymətləndirib. 

Xəyyam Əsədov final mərhələsində iştirak etdiyi üçün sertifikatla təltif olunub. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR