XƏBƏRLƏR

Azərbaycan Universiteti ilə “Huawei Azerbaijan” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Universiteti ilə “Huawei Azerbaijan” şirkəti arasında  əməkdaşlıq imkanları müzakirə olunub

18 aprel 2023

Baxış sayı: 864

Azərbaycan Universitetində “Huawei Azerbaijan” şirkətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev,  Riyaziyyat və informatika kafedrasının müdiri Rəşad Məstəliyev, “Huawei Azerbaijan” şirkətinin  ictimai əlaqələr üzrə vitse-prezidenti Chen Liang və tərəfdaşlarla iş üzrə menecer Eldəniz Əliyev iştirak edib. 

Əvvəlcə qonaqlar “Huawei Azerbaijan” şirkəti haqqında təqdimatla çıxış edib, şirkətin Azərbaycanda gördüyü işlər haqqında məlumat veriblər.  Bildirilib ki, Azərbaycanın mobil operatorlarının şəbəkə avadanlıqlarının 70 faizi “Huawei” şirkətinin payına düşür. Şirkət, Qarabağda “Ağıllı kənd”lərin qurulması və inkişafında iştirak edir. İşğaldan azad olunmuş bölgələrdə, o cümlədən Zəngilan rayonunun Ağalı kəndindəki “Ağıllı kənd” konseptinin həyata keçirilməsində şirkətin rolu barəsində məlumatlar xüsusi maraq doğurub. Qonaqlar həmçinin şirkətin təqdim etdiyi müxtəlif təcrübə və təhsil proqramları, o cümlədən “Huawei İKT Akademiyası” haqqında da məlumat veriblər.  

Ardınca elmi işlər üzrə prorektor Yusif Qasımov nümayəndələrə Azərbaycan Universitetinin qısa tarixi, elmi tədqiqat sahəsində əldə etdiyi uğurları, tələbələrin  müxtəlif startap layihələri, beynəlxalq və respublika bilik yarışlarında iştirakı haqqında məlumat verib. 

Sonda Azərbaycan Universiteti ilə “Huawei Azerbaijan”  şirkəti arasında birgə əməkdaşlıq perspektivlərini, xüsusən də Azərbaycan Universitetində “Huawei İKT Akademiyası”nın yaradılması imkanlarının araşdırılması üçün növbəti görüşün keçirilməsi qərara alınıb.   

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR