XƏBƏRLƏR

Azərbaycan Universiteti və Sosial Xidmətlər Agentliyi arasında memorandum imzalanıb

Azərbaycan Universiteti və Sosial Xidmətlər Agentliyi  arasında memorandum imzalanıb

17 yanvar 2023

Baxış sayı: 9766

Azərbaycan Universiteti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov imzalayıb. 

İmza mərasimindən əvvəl tərəflər arasında görüş olub. Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva qonaqlara universitetin fəaliyyəti və Sosial iş ixtisasının tədrisi haqqında məlumat verib. Rektor bildirib ki, Azərbaycan Universitetində Sosial iş ixtisasının tədrisinə 2009-cu ildə başlanıb və rəhbərlik etdiyi ali təhsil müəssisəsi bu ixtisası tədris edən ilk özəl universitetdir. Sosial iş ixtisasının tədrisi 2009-2015-ci illərdə İctimai elmlər kafedrası tərəfindən aparılıb. 2015-ci ildə müstəqil Sosial işin təşkili kafedrası yaradılıb. Hazırda ali təhsilin hər üç səviyyəsində Sosial iş ixtisası üzrə mütəxəssis hazırlığı həyata keçirilir. İxtisasın kurikulumunun beynəlxalq satndartlara uyğunluğu yüksəkdir. Sosial iş məzunlarının məşğulluq səviyyəsi haqqında da məlumat verən rektor universitet ilə agentlik arasında təməli atılan əməkdaşlığın nəticəyönümlü və faydalı olacağına əminliyini ifadə edib. 

Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib ki, Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı sərəncamla yaradılan qurum sosial və psixo-sosioloji reabilitasiya tədbirləri həyata keçirir. Pandemiya dövründə fəaliyyətə başlayan agentlik 29 filial və 13 sosial xidmət müəssisəsi ilə həssas əhali qruplarına xidmət göstərir. Vüqar Behbudov bildirib ki, ölkədə peşəkar Sosial işçilərə tələb artıb və memorandum Sosial iş tələbələrinin iş həyatına yeni dövrün tələblərinə uyğun hazırlanmalarına şərait yaradacaq. 

Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov Sosial iş sahəsində elmi tədqiqatların aparılmasının vacibliyinə toxunub. Azərbaycan Universitetinin bu istiqamətdə elmi jurnal təsis olunması, o cümlədən noyabr ayında keçiriləcək beynəlxalq elmi konfrans hazırlıqlarının davam etdiyini qeyd edib. 

Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva Sosial iş tələbələrinin istehsalat təcrübəsinin təşkilində birgə  əməkdaşlığın əhəmiyyətini vurğulayıb.   

Memorandumda agentlik tərəfindən universitetin tələbələri üçün təlimlərin;  universitetin tələbələri üçün agentlikdə müvafiq sahələr üzrə istehsalat və elmi-tədqiqat təcrübə proqramlarının; beynəlxalq və respublika səviyyəsində elmi tədbir və mühazirələrin təşkili, agentliyə universitetin tədris-innovasiya infrastrukturundan yararlanmaq, universitetdə tələbələr üçün təşkil edilən təlim-tədris proqramlarında iştirak etmək üçün şəraitin yaradılması və bu kimi əməkdaşlıq istiqamətləri əksini tapıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR