XƏBƏRLƏR
Azərbaycan Universiteti və Sosial Tədqiqatlar Mərkəzi memorandum imzalayıb
Azərbaycan Universiteti ilə Sosial Tədqiqatlar Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva və Mərkəzin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc imzalayıb.
İmza mərasimindən əvvəl tərəflər arasında görüş olub. Görüşdə memorandumdan irəli gələn vəzifələr və Azərbaycan Universiteti, Sosial Tədqiqatlar Mərkəzi, Türkiyənin Fırat Universiteti və Recep Tayyip Erdoğan Universitetinin birgə təşkilatçılığı ilə 23-25 may 2025-ci il tarixlərində keçiriləcək 2-ci “Social Work & Social Research” (Sosial iş və sosial tədqiqat) beynəlxalq konfransına hazırlıq işləri müzakirə olunub.
Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsində Sosial iş ixtisasının tədrisinə başlanması, tələbə və məzun sayı, məzunların məşğulluq vəziyyəti, ixtisas üzrə qurulan beynəlxalq əməkdaşlıqlar, nəzərdə tutulan planlar haqqında məlumat verib. Rektor qeyd edib ki, Sosial iş ixtisası 2023-cü ildə bakalavriat səviyyəsi üzrə 5 il müddətinə beynəlxalq akkreditasiyadan keçib ki, bu da universitet üçün həm böyük məsuliyyət yaradır, həm də universitetin rəqabət qabiliyyətini artırır.
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc bildirib ki, universitetin fəaliyyətini izləyir və beynəlxalq reytinqlərdə əldə etdiyi uğurlarla yaxından tanışdır. Zahid Oruc əməkdaşlığın hər iki tərəf üçün faydalı və səmərəli olacağına inandığını qeyd edib.
Millət vəkili həmçinin vurğulayıb ki, Vətən müharibəsi və nəticələrinin təhlili ölkə üçün ən strateji sahələrdən birinin peşəkar sosial işçilərin hazırlanması olduğunu sübut edir. Memorandumun icrası ilə tərəflər bu sahəyə öz töhfələrini verəcəklər.
Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib. Tərəflər arasında memorandumdam irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə tədbirlər planının hazırlanması və tezliklə icrasına başlanmasına dair razılıq əldə olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi