XƏBƏRLƏR

Azərbaycan Universiteti “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi ilə memorandum imzalayıb

Azərbaycan Universiteti “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi ilə memorandum imzalayıb

25 fevral 2023

Baxış sayı: 5244

Azərbaycan Universiteti və “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumda sosial xidmət sahəsində elmi - təcrübi əlaqələrin inkişaf etdirilməsi, habelə bu istiqamətdə elm və təhsil sahəsində müasir dövrün tələblərinə cavab verən və ümumi-ictimai maraqlara xidmət edən əməkdaşlıq münasibətlərinin qurulması məsələləri öz əksini tapıb.

Memorandum çərçivəsində sosial xidmət və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının təşkili sahəsində məlumatlandırmanı təmin etmək məqsədilə İctimai Birlik tərəfindən Azərbaycan Universitetinin Sosial iş, Təhsildə sosial-psixoloji xidmət, Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş və Gənclərlə iş ixtisasları üzrə təhsil alan tələbələri üçün təlimlərin təşkili nəzərdə tutulur. 

Tərəflər universitetin bakalavriat, magistratura və doktorantura səviyyələrində  Sosial iş, Təhsildə sosial-psixoloji xidmət, Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş və Gənclərlə iş ixtisasları üzrə təhsil alan tələbələri üçün ictimai birlikdə müvafiq sahələr üzrə istehsalat və elmi-tədqiqat təcrübə proqramlarının, müvafiq ixtisasartırma təlimlərinin  təşkili istiqamətində də əməkdaşlıq edəcəklər.

Memorandumda sosial iş üzrə beynəlxalq və milli səviyyədə konfrans, seminar, simpozium kimi elmi tədbir və mühazirələrin təşkili, birgə sosial layihələrin işlənib hazırlanması və həyata keçirilməsi kimi əməkdaşlıq istiqamətləri də əksini tapıb.

Bundan əlavə tərəflər sosial xidmət sahəsində hər iki tərəf üçün maraq doğuran, ictimai əhəmiyyət kəsb edən digər sahələrdə də əməkdaşlıq edəcəklər.

Qeyd edək ki, Azərbaycan Universiteti daha əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi, “Ümidli Gələcək” İctimai Birliyi və “JOY” Uşaq İnkişaf Mərkəzi ilə də müvafiq istiqamətlərdə memorandum imzalayıb.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR