XƏBƏRLƏR

Azərbaycan Universitetində 20 Yanvar faciəsinin 33-cü ildönümü qeyd olunub

Azərbaycan Universitetində 20 Yanvar faciəsinin 33-cü ildönümü qeyd olunub

19 yanvar 2023

Baxış sayı: 9023

Azərbaycan Universitetində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdən əvvəl universitet kollektivi Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə qərənfillər düzülüb. 

Universitetin tədris binasında keçirilən anım tədbirində Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İctimai elmlər kafedrasının təşkil etdiyi tədbirdə kafedranın müdiri, professor Qabil Əliyev, kafedranın müəllimi, professor Qasım Hacıyev və Siyasi elmlər kafedrasının müəllimi, professor Asif Bayramovun çıxışları dinlənilib. Çıxışlarda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilən Sovet qoşunlarının törətdiyi 20 Yanvar faciəsinin səbəb və nəticələri müxtəlif kontekslərdə təhlil olunub, hadisəyə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyi vurğulanıb. Bildirilib ki, bütün çətinliklərə baxmayaraq yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələn Heydər Əliyev bəyanat verərək qətliamı kəskin şəkildə pisləyib.  Bu bəyanat həmin günlərdə Azərbaycan xalqına böyük mənəvi dəstək olub. 

Qeyd olunub ki, 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə qovuşmasında müstəsna rol oynayıb, həmçinin Sovet imperiyasının çöküşünü sürətləndirib. 20 Yanvar sadəcə hüzn ilə xatırlanacaq gün deyil, həm də Azərbaycan xalqının milli-azadlıq hərəkatının ən önəmli hadisələrindən, ən şərəfli günlərindən biridir. Həmin gecə tankların önündə duran əli yalın insanlar şəhidlik zirvəsinə ucalaraq 20 yanvarı Azərbaycan xalqının tarixində dönüş nöqtəsi edib. 

Bildirilib ki, Azərbaycan dövləti və xalqı şəhidlərini unutmur. Hər il yanvarn 20-də minlərlə insan Bakının ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanına axışır,  qəhrəmanların xatirəsini böyük hörmət və ehtiramla yad edir. 

Sonda 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş olunub. 

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR