XƏBƏRLƏR

Azərbaycan Universitetində XXIX buraxılış Məzun Günü keçirilib

Azərbaycan Universitetində XXIX buraxılış Məzun Günü keçirilib

25 iyun 2023

Baxış sayı: 1188

Azərbaycan Universitetində 2022/2023-cü tədris ili məzunlarına həsr olunmuş XXIX buraxılış Məzun Gününün rəsmi hissəsi keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, qonaqlar və cari ilin məzunları iştirak ediblər.

Tədbirdə Dövlət Himni və Azərbaycan Universitetinin Himni səsləndirilib.  Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrundan canından keçən, I Qarabağ Müharibəsi və Vətən Müharibəsi şəhidlərinin xatirəsi anılıb. 

Rəsmi hissə universitetin rektoru Səadət Əliyevanın açılış nitqi ilə başlayıb. Rektor məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Səadət Əliyeva unudulmaz tələbəlik illərini geridə qoyan məzunların 4 il ərzində həm bilik və bacarıqlarını, həm də şəxsi keyfiyyətlərini inkişaf etdirdiklərinə inandığını bildirib. Tələbəlik dövründə onlara daim böyük dəstək göstərən, diqqət, qayğı və köməyini əsirgəməyən valideynlərə və Azərbaycan Universitetinin professor-müəllim heyətinə təşəkkür edib. 

Biznes və iqtisadiyyat fakültəsinin dekanı Xanım Quliyeva, Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva, İqtisadiyyat və idarəetmə kafedrasının müdiri Tural Qocayev çıxış edərək məzunları təbrik edib, xoş arzularını çatdırıblar. Çıxış edənlər Azərbaycan Universitetini seçdikləri üçün məzunlara təşəkkür edib, dörd il ərzində olduğu kimi iş həyatında yaxud təhsilin növbəti pilləsində də məzunların yanlarında olacaqlarını bildiriblər. Çıxışlarda qeyd olunub ki, Azərbaycan Universitetinin professor-müəllim heyəti üçün bu gün böyük hədəflərə gedən yolun başlanğıcında olan hər məzun dəyərlidir və əvəzolunmazdır. 

Tədbirin qonağı, “Huner Group” şirkətinin təsisçisi və direktoru Ehtiram Quliyev Azərbaycanın gələcəyinin gənclərin əlində olduğunu vurğulayıb, onlara xoş arzularını çatdırıb. Tədbirin qonağı, Azərbaycan Universitetindən 2009-cu ildə İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə fərqlənmə diplomu ilə məzun olan, Sevda Abdullayeva adına “Xəzər” Muzey Mərkəzinin təsisçisi Səyavuş Əlizadə 14 il sonra müəllimlərini yenidən görməkdən şad olduğunu bildirib, tələbəlik illəri ilə bağlı xatirələrini bölüşüb. 

Çıxışların ardından universiteti yüksək göstəricilərlə bitirən məzunlar səhnəyə dəvət olunublar. Humanitar fənlər fakültəsinin Sosial iş məzunu Mədinə Rəhimovanın 94.71 orta müvəffəqiyyət göstəricisi ilə 2022/2023-cü tədris ilində Azərbaycan Universitetindən  birinciliklə məzun olduğu diqqətə çatdırılıb. Mədinə Rəhimovaya və universiteti yüksək göstəriclərlə bitirməyə nail olan daha 10 tələbəyə rektorun fəxri fərmanları təqdim olunub. Universitet birincisi şəklini “Universitetin fəxrləri” lövhəsində yerləşdirib və məzunlar adından çıxış edərək universitet kollektivinə və müəllimlərinə təşəkkür edib. 

Rəsmi hissə müğənni Nofəl Aslanovun konsert proqramı ilə davam edib, milli rəqslər ifa olunub. Tədbirin bədii hissəsi bu axşam “Excelsior Hotel&Spa Baku”da, hovuz başında keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Universitetini bu il 350-si bakalavriat, 92-si magistratura pilləsində olmaqla 442 məzun bitirir. 

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR