XƏBƏRLƏR

Azərbaycan Universitetində 8 Noyabr-Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Universitetində 8 Noyabr-Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

07 noyabr 2023

Baxış sayı: 716

Azərbaycan Universitetində “8 Noyabr- Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib, tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Siyasi elmlər kafedrasının təşkil etdiyi tədbirdə universitetin Vətən müharibəsi iştirakçısı olan tələbə və məzunları – Cavad İbrahimov (Tərcümə, 2020-ci il məzunu), Rəvan İsmayılov (Mühasibat uçotu, IV kurs), Nəcməddin Nəzərov (Mühasibat uçotu, IV kurs), Elvin Mədinov (Kompüter mühəndisliyi, III kurs) və Hüseyn Hacıyev (Kompüter mühəndisliyi, II kurs) də iştirak edib. 

Siyasi elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski Zəfər Günü münasibətilə Azərbaycan Universitetinin kollektivini təbrik edib, Azərbaycan xalqının bu qələbə ilə haqlı fəxr etdiyini qeyd edib. Kafedra müdiri bildirib ki, Azərbaycan müstəqilliyin bərpasının ilk illərində çoxsaylı təhlükələrlə üzləşib, ağır sınaqlardan keçib, ölkənin beynəlxalq səviyyədə tanınan torpaqlarının 20 faizi 30 il Ermənistanın işğalı altında qalıb. “Artıq 3 ildir sevincini və qürurunu yaşadığımız Qarabağ zəfəri ilə xalqımızın tarixində mütəsna əhəmiyyətli yeni tarixi mərhələ başlayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə olunan və dünya hərb tarixinə düşən qələbə ilə Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Bu gün Azərbaycanın hər nöqtəsində şanlı bayrağımız dalğalanır”, - deyə Elvin Talışinski əlavə edib.

Ardınca tədbirin qonağı, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı, yazıçı, publisist Səriyyə Cəfərova çıxış edərək qeyd edib ki, Azərbaycan xalqı tarixi qələbəni ona bəxş edən şəhidlərin xatirəsini daim əziz tutacaq və yaşadacaq.

Daha sonra Azərbaycanın yeni və ən yeni tarixi ixtisası üzrə təhsil alan magistratura II kurs tələbəsi Səkinə Nadirova “Şuşa döyüşləri xüsusi təyinatlıların xatirələrində” mövzusunda çıxış edib. 

Çıxışların ardından tədbir iştirkaçıları “Ordum varsa, yurdum var” sənədli filmini izləyiblər. Film 44 günlük Vətən müharibəsinin taleyini həll edən Şuşanın işğaldan azad olunması əməliyyatından bəhs edir.  

Tədbir Zəfər Gününə həsr olunmuş kompozisiya ilə yekunlaşıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR