XƏBƏRLƏR

Azərbaycan Universitetində Azərbaycanlıların Soyqırımı Günü anılıb

Azərbaycan Universitetində Azərbaycanlıların Soyqırımı Günü anılıb

31 mart 2023

Baxış sayı: 954

Azərbaycan Universitetində “31 mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş anım tədbiri keçirilib. İctimai elmlər kafedrası tərəfindən təşkil olunan tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyev açaraq qeyd edib ki, 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, Bakı quberniyasında və Azərbaycanın müxtəlif bölgələrində bolşevik-daşnaq silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi dəhşətli qırğınlardan 105 il keçir.  Tələbələrə faciənin təfərrüatları haqqında məlumat verən professor bildirib ki, qanlı hadisələrin izlərini  bu gün Quba Soyqırımı Memorial Kompleksində görmək mümkündür.  

Açılış nitqinin ardından ictimai elmlər kafedrasının professoru, soyqırımı problemlərinin araşdırıcısı Məhərrəm Zülfüqarov  çıxış edib. Professorun çıxışı mart soyqırımının baş vermə səbəbləri, həyata keçirilmə üsulları, nəticələri və tədqiqi haqqında olub.

Ardınca Azərbaycanın yeni və ən yeni tarixi ixtisası üzrə II kurs magistratura tələbəsi Aynurə Hüseynovanın “Erməni silahlı dəstələrinin İrəvan quberniyasında - Qərbi Azərbaycanda türk-müsəlman əhaliyə qarşı qətl və qarətləri” mövzusunda çıxışı dinlənilib.

Çıxışlarda erməni-bolşevik silahlı dəstələrinin 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən söz açılıb, azərbaycanlılara qarşı törədilən etnik təmizləmə, soyqırımı siyasəti və cinayət hadisələri ilə haqqında məlumatların davamlı olaraq gənc nəslə və beynəlxalq ictimaiyyətə çatdırılmasının zəruriliyi qeyd olunub. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbə bir daha təsdiq etdi ki, belə hadisələrin təkrarlanmaması üçün tariximizi bilməliyik, dövlətimiz, ordumuz və millətimiz daim güclü olmalıdır. 

Sonda mart soyqırımı ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR