XƏBƏRLƏR

Azərbaycan Universitetində “COP29 mühazirələri”nə start verilib

Azərbaycan Universitetində bu gündən başlayaraq “COP29 mühazirələri”nə start verilib. Mühazirələr Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 6-cı sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının noyabr ayında Bakının evsahibliyində keçirilməsi ilə bağlı Azərbaycan Universitetinin Tədbirlər Planına uyğun olaraq təşkil edilir.

Dərslərdə COP29 tədbiri müxtəlif prizmalardan ələ alınır, tələbələrə Azərbaycanın enerji strategiyası, yaşıl enerji siyasəti və yaşıl enerji hədəfləri, tədbirin Azərbaycanda keçirilməsinin əhəmiyyəti kimi mövzularda məlumat verilir. Mühazirələrdə qeyd olunur ki, yaşıl iqtisadiyyata keçid və yaşıl enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib, işğaldan azad edilmiş Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan bölgələri “yaşıl enerji” zonaları elan edilib. Bildirilir ki, dünyanın ən aktual problemlərinin müzakirə olunduğu mühüm beynəlxalq platforma olan COP29 ölkənin siyasi həyatında böyük hadisədir. Noyabr ayında dünyada gedən proseslərə, o cümlədən iqlim dəyişmələrinin yaratdığı fəsadlar,  problemlər, təhlükələr və həll yollarına, həmçinin  yaşıl ideyalar, yaşıl proqramlarla bağlı məsələlərə Azərbaycan platformasında baxılacaq.

COP29-la bağlı maarifləndirmə işlərinin tərkib hissəsi olan mühazirələr həftə boyunca davam edəcək. 

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR