XƏBƏRLƏR
Azərbaycan Universitetində “COP29 simulyasiya” layihəsinin ikinci təlimi keçirilib
Azərbaycan Universitetində “COP29 simulyasiya” layihəsinin ikinci təlimi təşkil olunub. Universitetin Humanitar fənlər fakültəsinin Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski ilə Biznes və iqtisadiyyat fakültəsinin dekanı Xanım Quliyevanın birgə moderatorluğu ilə baş tutan təlimdə ABŞ, Pakistan və Azərbaycandan olan ekspertlər layihə iştirakçıları qarşısında çıxış ediblər.
Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri, ABŞ-da neft və qaz sənayesində EPC layihələr üzrə mütəxəssis Samir Novruzov COP29-un Azərbaycanda keçirilməsi barədə qərarın beynəlxalq arenada ölkəmizə etimadın və hörmətin təzahürü olduğunu qeyd edib. O, dünyada baş verən iqlim dəyişikliyi ilə bağlı bir sıra problemlərin aradan qaldırılmasının həm Azərbaycan, həm də ABŞ üçün olduqca əhəmiyyətli olduğunu vurğulayıb, hər iki ölkədə bu istiqamətdə görülən işlər haqqında məlumat verib.
Ardınca Pakistan Kəşmir Gənclər Forumu Beyin Mərkəzinin icraçı direktoru Zaman Bajwa çıxış edib. Zaman Bajwa iqlim dəyişikliyi probleminin Pakistan üçün prioritet məsələ olduğunu bildirib, gənclərin bu prosesdə aktiv iştirakının vacibliyini diqqətə çatdırıb. Pakistanlı ekspert COP-un 29-cu sessiyasının Azərbaycanda keçirilməsinə də münasibət bildirib.
Sonda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə çıxış edərək COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyəti, bu sessiyada media, xüsusilə də vətəndaş cəmiyyətinin rolundan bəhs edib.
Qeyd edək ki, müxtəlif ali təhsil müəssisələrindən olan tələbələrin iştirakı ilə keçirilən “COP29 simulyasiya” layihəsi Azərbaycanın COP29-a (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) ev sahibliyi etməsi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunur. Layihənin məqsədi dövlətlərin siyasi qərarlarının ətraf mühitə və planetimizə təsiri və nəticələri ilə bağlı biliklərin tələbələrə ötürülməsi, onlarda natiqlik, arqument formalaşdırmaq və debat aparmaq bacarıqlarının inkişaf etdirilməsi, qeyd olunan beynəlxalq tədbirlə bağlı tələbələrin məlumatlandırılmasıdır. “COP29 simulyasiya” layihəsinin təlimləri aprel və may aylarında da davam edəcək.
İctimaiyyətlə əlaqələr şöbəsi