XƏBƏRLƏR

Azərbaycan Universitetində “COP29 simulyasiya” layihəsinin dördüncü təlimi keçirilib

Azərbaycan Universitetində “COP29 simulyasiya”  layihəsinin dördüncü təlimi keçirilib

24 aprel 2024

Baxış sayı: 190

Azərbaycan Universitetində “COP29 simulyasiya” layihəsinin dördüncü təlimi təşkil olunub. Universitetin Humanitar fənlər fakültəsinin Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski ilə Biznes və iqtisadiyyat fakültəsinin dekanı Xanım Quliyevanın birgə moderatorluğu ilə hibrid formada baş tutan təlimdə bu dəfə Türkiyə və Azərbaycandan olan ekspertlər layihə iştirakçıları qarşısında çıxış ediblər.

Türkiyənin Kocaeli Universitetinin Sosial Elmlər İnstitutunun əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru M. Sami Akkuş “Makro iktisat politikaları kapsamında çevre vergileri, iklim değişikliği ve yeşil dönüşüm mali etkiler” mövzusunda çıxış edib. Ardınca AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov “Qlobal ekoloji böhranda sağ qalma riski: Azərbaycanın yaşıl dünya naminə mübarizə hərəkatı” mövzusunda təqdimat edib.

Dördüncü təlimin “22 Aprel - Beynəlxalq Yer Günü” və Paris Sazişinin imzalanma tarixində keçirilməsi heç də təsadüfi deyil. Paris sazişi (BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasına əsasən 2020-ci ildən atmosferdəki karbon dioksidin azaldılmasına dair tədbirləri tənzimləyən bir razılaşma) Paris İqlim Konfransı zamanı Kioto Protokolunun əvəzinə hazırlanıb və 22 aprel 2016-cı il tarixində imzalanıb. 22 aprel tarixi bu iki səbəbdən əlamətdar gün hesab edilir.

Qeyd edək ki, müxtəlif ali təhsil müəssisələrindən olan tələbələrin iştirakı ilə keçirilən “COP29 simulyasiya” layihəsi Azərbaycanın COP29-a (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) ev sahibliyi etməsi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunur. Layihənin məqsədi dövlətlərin siyasi qərarlarının ətraf mühitə və planetimizə təsiri və nəticələri ilə bağlı biliklərin tələbələrə ötürülməsi, onlarda natiqlik, arqument formalaşdırmaq və debat aparmaq bacarıqlarının inkişaf etdirilməsi, qeyd olunan beynəlxalq tədbirlə bağlı tələbələrin məlumatlandırılmasıdır. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR