XƏBƏRLƏR

Azərbaycan Universitetində “EBSCOHost platformasında axtarış” mövzusunda təlim-seminar keçirilib

Azərbaycan Universitetində “EBSCOHost platformasında axtarış” mövzusunda təlim-seminar keçirilib

18 dekabr 2023

Baxış sayı: 928

Azərbaycan Universitetində professor-müəllim heyəti, magistratura tələbələri  və doktorantlar üçün “EBSCOHost platformasında interaktiv axtarış və EIFL.net konsorsiumunun xidmətləri” mövzusunda təlim-seminar keçirilib. Tədbir Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (Az.KİK) yaranmasının 20 illiyi çərçivəsində təşkil olunub. 

Təlim-seminarı giriş sözü ilə Elmi kitabxananın müdiri Nailə Nağıyeva açaraq qeyd edib ki, Azərbaycan Universiteti 2018-ci ildən Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (Az.KİK), həmçinin beynəlxalq “EIFL.net” Konsorsiumunun (Electronic Information for Libraries) üzvüdür. Az.KİK, EIFL.net konsorsiumu ilə əməkdaşlıq çərçivəsində üzv təşkilatların tədris və elm sahələrinə uyğun ədəbiyyatla təmin olunmasını, müvafiq kitabxanalarda rəqəmsal arxivlərin yaradılmasını təşkil edir, abunə müddətində onlara 8 min 516-sı resenziyalı olmaqla 11 mindən çox jurnalın yerləşdiyi verilənlər bazasından, 2 min 700-dən artıq kitab və broşür, 510 adda qəzet və bu kimi mənbələrdən elektron formada istifadə imkanı təqdim edir.

Ardınca Az.KİK-in rəhbəri, EIFL.net və EBSCO-nun Azərbaycan üzrə nümayəndəsi Cəmilə Yusifova kitabxana işi sahəsində dünyanın iki aparıcı təşkilatından biri olan beynəlxalq konsorsium EIFL.net-in xidmətləri haqqında məlumat verib, müxtəlif elm və tədris sahələrini əhatə edən EBSCO platformasında interaktiv axtarış qaydalarını iştirakçılara əyani şəkildə təqdim edib. Cəmilə Yusifova iştirakçılara akademik bazalardan istifadə qaydaları, məqalə nəşrinə dəstək və nəşr imkanları barədə də məlumat verib.

Tədbirdə Bakı Dövlət Universitetinin Elmi kitabxanasının müdiri Nigar İsmayılova da iştirak edib. Nigar İsmayılova çıxışında Az.KİK-in akademik kitabxanalarla əməkdaşlığı, nüfuzlu beynəlxalq təşkilat və nəşriyyatlarla ali məktəb kitabxanaları arasında əlaqələrin qurulmasının əhəmiyyətindən danışıb. 

Təlim-seminarın sonunda tədbir iştirakçılarının maraq dairəsinə uyğun axtarış sistemləri əyani olaraq nümayiş olunub, onların sualları cavablandırılıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR