XƏBƏRLƏR
Azərbaycan Universitetində “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda dəyirmi masa keçirilib
Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda dəyirmi masa keçirilib. Tədbirin qonağı Heydər Əliyev irsinin tədqiqatçısı, Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova olub.
Qonağı dəyirmi masanın iştirakçılarına İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyev təqdim edib. Kafedra müdiri qeyd edib ki, İradə Hüseynova ümummilli liderin zəngin dövlətçilik və siyasi fəaliyyətinin ilk tədqiqatçısı və ilk doktorluq dissertasiyasının müəllifidir.
İradə Hüseynova çıxışında bildirib ki, doktorluq dissertasiyası, elmi araşdırma və monoqrafiyalarında Heydər Əliyevin şəxsi arxivindən istifadə edib. Bu arxiv onun tədqiqatlarını zənginləşdirib. Apardığı tədqiqatlar ümummilli liderin 1941-ci ildən 2003-cü ilədək olan fəaliyyətini əhatə edir.
Ümummilli liderin həyat və fəaliyyətinin səciyyəvi dövrləri haqqında məlumat verən qonaq bildirib ki, Heydər Əliyev bütün fəaliyyəti dövründə hərbi quruculuq, elm, təhsil, səhiyyə, mədəniyyət və iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi qayğı ilə yanaşıb, ölkədə cərəyan edən təhlükəli proseslərin qarşısını qətiyyətlə alıb. Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri misilsizdir. Ən böyük xidməti isə Azərbaycan dövlətçiliyini xilas edib möhkəmləndirməsi və inkişaf etdirməsidir.
İradə Hüseynova vurğulayıb ki, Heydər Əliyev zaman və ictimai-iqtisadi formasiya baxımından kifayət qədər fərqli olan iki tarixi dövrdə Azərbaycana rəhbərlik edib və hər zaman xalqa və milli ideallara bağlı olub. Ən çətin şəraitdə ən düzgün çıxış yolu tapmağı bacarıb. Bu günlərdə yaşadığımız zəngin tarixi hadisələrlə dolu günləri bizə bəxş edən Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyidir. Ümummilli liderin siyasi kursunu prezident İlham Əliyev qətiyyətlə davam etdirir və ideyalarını ən yüksək səviyyədə həyata keçirir.
İctimaiyyətlə əlaqələr şöbəsi