XƏBƏRLƏR

Azərbaycan Universitetində “İnformasiya təhlükəsizliyi: problemlər və perspektivlər” II beynəlxalq konfransı keçirilib

Azərbaycan Universitetində “İnformasiya təhlükəsizliyi: problemlər və perspektivlər” II beynəlxalq konfransı keçirilib

25 noyabr 2022

Baxış sayı: 7635

Azərbaycan Universitetində “İnformasiya təhlükəsizliyi: problemlər və perspektivlər” mövzusunda II beynəlxalq konfrans keçirilib. Azərbaycan Universitetinin Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti və Heydər Əliyev adına Hərbi İnstitut ilə birlikdə təşkil etdiyi konfrans informasiya texnologiyalarının sürətli inkişafı və onun insan fəaliyyətinin bütün sahələrinə total nüfuz etdiyi indiki şəraitdə məlumatların icazəsiz girişinin, istifadəsinin, açıqlanmasının, təhrif olunmasının, dəyişdirilməsinin, araşdırılmasının, qeyd edilməsinin və ya məhv edilməsinin qarşısının alınmasının elmi nəzəri, praktiki və texnoloji aspektlərinə həsr edilir. 

Hibrid formada baş tutan konfransın açılış mərasimini giriş nitqi ilə Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov açaraq, rektor Səadət Əliyeva və universitet kollektivi adından tədbir iştirakçılarını salamlayıb. Prorektor çıxışında tədbirin digər həmtəşkilatçılarına və informasiya təhlükəsizliyi sahəsində apardıqları tədqiqatların nəticələrini konfransa təqdim edən alim və mühəndislərə, həmçinin gənc tədqiqatçılara təşəkkür edib. Yusif Qasımov qeyd edib ki, son 20 ildə dünyada baş verən proseslər göstərir ki, informasiyanı yaratmaq qədər, onu qorumaq da mühüm əhəmiyyət kəsb edir. Bu məsələ hazırda dünyanın demək olar ki, bütün universitet və elm mərkəzlərində müzakirə olunur. İnformasiya təhlükəsizliyi məsələsinin Azərbaycanda da elmi – intellektual müstəvidə müzakirə olunmasına ehtiyac var. Azərbaycan Universiteti də elmi konfranslar təşkil edərkən dünyada və ölkəmizdə baş verən aktual məsələlərə, müasir çağırışlara üstünlük verir, alimlər və tədqiqatçılar üçün son elmi nəticələrini paylaşmaq, yeni elmi ideya və istiqmətləri müzakirə etmək üçün platforma təklif edir. 

Prorektor bildirib ki, 44 günlük Vətən müharibəsi həm də yüksək texnologiyalı silah sistemlərinin tətbiq edildiyi müharibə olaraq dünya hərb tarixinə yazılıb.  Azərbaycan Ordusu döyüş əməliyyatlarında müasir silah sistemlərindən uğurla  istifadə edib. “İnformasiya artıq bütün dünyada  qəbul olunmuş kapitaldır və istənilən kapital, istənilən xəzinə yaxşı qorunmalıdır”, – deyə Yusif Qasımov vurğulayıb. 

Xarkov Milli Radioelektronika Universitetinin prorektoru Murad Omarov tədbir iştirakçılarını bu ali məktəbin rektoru rektoru İqor Ruban və universitet kollektivi adından salamlayıb. Murad Omarov bildirib ki, təmsil etdiyi universitetin tədbirdə böyük bir heyətlə iştirakı planlaşdırılsa da hazırda Ukraynada davam edən müharibə səbəbilə bu mümkün deyil və əməkdaşlar konfransda onlayn formatda iştirak edəcəklər. 

Omarov çıxışında informasiya təhlükəsizliyi sahəsində kadr hazırlığının əhəmiyyətini vurğulayıb və Azərbaycan Universiteti ilə Xarkov Milli Radioelektronika Universitetinin 2019-cu ildən başlayaraq əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Universitetlər arasındakı əməkdaşlığın istiqamətləri haqqında məlumat verən Murad Omarov əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib. 

Heydər Əliyev adına Hərbi İnstitutun elmi tədqiqat şöbəsinin professoru Ramid Hüseynov institutun rektoru, general-mayor Fizuli Salahovun adından konfrans iştirkçılarını salamlayıb, tədbirin təşkilatçıları arasında olmalarından məmnunluğunu ifadə edib. Ramid Hüseynov bildirib ki, informasiya təhlükəsizliyinin təmin olunması məsələsi bütün dünyada olduğu kimi Azərbaycanda da olduqca aktual məsələdir. Konfransda aparılan müzakirələrin bu sahəyə müsbət töhfələr verəcəyinə inandığını bildirən Hüseynov, tədbirin işinə uğurlar arzulayıb.  

Plenar iclasda Xarkov Milli Radioelektronika Universitetinin prorektoru Murad Omarov “Kibertəhlükəsizlik təhsili: problemlər və perspektivlər” (Cyber security education: challenges and prospects), Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov “İnformasiya təhlükəsizliyində süni intellekt: problemlər və perspektivlər”, Xarkov Milli Radioelektronika Universitetinin professoru Marina Yevdekimenko “Security-based routing models with traffic engineering support” və Azərbaycan Texniki Universitetinin Kompüter sistemləri və şəbəkələri kafedrasının müdiri, professor Vaqif Qasımov “İnformasiya təhlükəsizliyi: müasir vəziyyət və elmi tədqiqat istiqamətləri” mövzusunda məruzə ilə çıxış ediblər. 

Fasilənin ardından konfrans işini “İnformasiya təhlükəsizliyinin texniki məsələləri” (Techical issues of the information security) və “Proqram təminatı əsaslı informasiya təhlükəsizliyi” (Software baced information) olmaqla bölmə iclaslarında davam etdirib. Bölmə iclaslarına İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev və Riyaziyyat və informatika kafedrasının müdiri Rəşad Məstəliyev rəhbərlik edib. 

Konfransın səhifəsinə BURADAN keçid edə bilərsiniz. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR