XƏBƏRLƏR
Azərbaycan Universitetində “Keçmişini öyrən, gələcəyini xilas et” mövzusunda tədbir keçirilib
Azərbaycan Universitetində Xocalı soyqırımına həsr olunmuş “ “Keçmişini öyrən, gələcəyini xilas et” mövzusunda tədbir keçirilib. “İrəli” İctimai Birliyinin təşəbbüsü ilə keçirilən tədbirdə soyqırımı qurbanlarının xatirəsi yad edilib, Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması istiqamətində görülən işlər, o cümlədən miqyası hər il genişlənən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının nəticələri haqqında məlumat verilib.
Tədbirdə Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov, Parlament Jurnalistləri Birliyinin sədri, əməkdar jurnalist, “Modern” Media Qrupunun baş direktoru Elşad Eyvazlı, “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlının çıxışları dinlənilib. Çıxışlarda tələbələrə Xocalı soyqırımının səbəb və nəticələri haqqında məlumat verilib. Qeyd olunub ki, Azərbaycan xalqını qorxutmaq, mübarizə əzmini qırmaq məqsədilə törədilən faciənin dünya ictimaiyyətinə çatdırılması erməni faşizminin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir. Xocalı soyqırımı ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədilə 2008-ci ildə start verilən “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində bu istiqamətdə səmərəli fəaliyyət göstərir. Azərbaycanda və onun hüdudlarından kənarda faciə qurbanlarının xatirəsinin yad edilməsi, soyqırımının yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlik tədbirlər həyata keçirilir. Vurğulanıb ki, Qarabağ zəfəri ilə Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qanı yerdə qalmayıb, qisası alınıb.
Tədbirin sonunda tələbələr “İrəli” İctimai Birliyinin hazırladığı “Böyüməyən Uşaqlar” filmini izləyiblər. Soyqırımı zamanı hər iki valideynini itirmiş uşaqlardan bəhs edən film, tədbirin qonağı, jurnalist Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının motivləri əsasında çəkilib.
İctimaiyyətlə əlaqələr şöbəsi