XƏBƏRLƏR
Azərbaycan Universitetində millət vəkili Sadiq Qurbanov ilə görüş keçirilib
Azərbaycan Universitetində millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov ilə görüş keçirilib. Tədbir universitetin Tələbə Gənclər Təşkilatı və Siyasi elmlər kafedrasının nəzdində fəaliyyət göstərən Gənc Diplomatlar Klubunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Diplomatiya Gənclərin Gözü ilə” layihəsi çərçivəsində baş tutub. Layihənin açılış görüşündə elmi işlər üzrə prorektor Yusif Qasımov, siyasi elmlər kafedrasının müdiri Elvin Talışınski, kafedranın müəllimləri, TGT-nin və klubun fəal üzvləri iştirak edib.
Prorektor Yusif Qasımov qonağı tədbir iştirakçılarına təqdim edib, komitənin fəaliyyəti barədə məlumat verib. Siyasi elmlər kafedrasının müdiri Elvin Talışınski dəvəti qəbul etdiyi üçün qonağa təşəkkür edib.
Millət vəkili Sadiq Qurbanovun çıxışı “Heydər Əliyevin gənclər siyasəti”, “Heydər Əliyevin siyasi baxışları”, “Azərbaycançılıq ideologiyası”, “Azərbaycanın diplomatiya uğurları” kimi mövzulara həsr olunub. Qonaq çıxışın ardından görüş iştirakçılarının Qarabağ zəfərinin bölgədə yaratdığı yeni reallıqlar, Qarabağ bölgəsində lokal xarakterli anti-terror əməliyyatı, reinteqrasiya proqramı kimi aktual mövzularda suallarını cavablandırıb.
Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, “Diplomatiya Gənclərin Gözü ilə” layihəsi müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrin diplomatiya sahəsində biliklərinin artırılması məqsədilə həyata keçirilir.
İctimaiyyətlə əlaqələr şöbəsi