XƏBƏRLƏR

Azərbaycan Universitetində “Narkotik asılılığı və QİÇS” mövzusunda tədbir keçirilib

Azərbaycan Universitetində “Narkotik asılılığı və QİÇS”  mövzusunda tədbir keçirilib

16 dekabr 2022

Baxış sayı: 6476

Azərbaycan Universitetində Sosial işin təşkili kafedrasının təşkilatçılığı ilə “Narkotik asılılığı və QİÇS” mövzusunda tədbir keçirilib. Tədbirin qonağı “Zərərli Vərdişlərə Qarşı” İctimai Birliyinin sədri Zaur Orucov olub. Tədbirdən əvvəl universitetin tədris binasında zərərli vərdişlərin insana mənfi təsirlərini özündə əks etdirən şəkillərdən ibarət karikatura sərgisi nümayiş etdirilib. 

Əvvəlcə kafedranın müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Tünzalə Verdiyeva tələbələrə asılılıq və növləri, həmçinin narkotik asılılığı və fəsadları haqqında məlumat verib, asılılığın yaranmasında ətraf mühit və sosial amillərin böyük rol oynadığını  qeyd edib. Kafedra müdiri bildirib ki, narkotik maddələrdən asılılıq böyük bir problemə - Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) virusuna yoluxmaya gətirib çıxarır. Sosial iş tələbələri mövzuya həssaslıqla yanaşmalı, problemin mahiyyəti, səbəbləri, ictimai təhlükəliliyi və onunla mübarizə yolları haqqında məlumatlı olmalıdırlar. 

Ardınca kafedranın nəzdində fəaliyyət göstərən “Empatiya Klub”un sədri, Sosial iş ixtisası üzrə IV kurs tələbəsi, Məhəmməd Ələkbərov klubun il ərzində keçirdiyi tədbirlər haqqında məlumat verib. Klub sədri aktual mövzuların təşkil olunmasında göstərdiyi dəstəyə görə kafedra müdirinə təşəkkür edib. 

Daha sonra tədbirin qonağı “Zərərli Vərdişlərə Qarşı” İctimai Birliyinin sədri Zaur Orucov çıxış edib. Qonaq, Ümumdünya Səhiyyə təşkilatının zərərli vərdişlərlə bağlı statistik rəqəmlərini diqqətə çatdırıb, tütün məhsulları, alkoqollu içəcəklər, narkotik maddələr kimi zərərli vərdişlərin və aludəçiliyin ağır fəsadları, özəlliklə narkotik aludəçiliyinin insan orqanizminə və psixologiyasına mənfi təsirləri haqqında danışıb. Zaur Orucov qeyd edib ki, narkotik maddələrin qəbulu insanı mənəvi və psixoloji olaraq məhv edir. Bu baxımdan narkomaniya ölkəmizi də narahat edən məsələlərdən biridir və onunla mübarizədə profilaktik işlər böyük əhəmiyyət kəsb edir.  

Sonda auditoriyanı maraqlandıran suallar cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR