XƏBƏRLƏR

Azərbaycan Universitetində Qərbi Azərbaycana qayıdışla bağlı təqdimat keçirilib

Azərbaycan Universitetində Qərbi Azərbaycana qayıdışla bağlı təqdimat keçirilib

27 oktyabr 2023

Baxış sayı: 1234

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı ilə “BÜTÖV – Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması” proqramına start verilib. Proqram çərçivəsində ali təhsil müəssisələrində təqdimatların keçirilməsinə başlanılıb. Bu istiqamətdə ilk tədbir Azərbaycan Universitetində baş tutub.

Ümumilikdə 100-dən çox gəncin iştirakı ilə keçirilən görüşün əvvəlində Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Azərbaycan Universitetinin Siyasi elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski açıb. Qonaqları salamlayan kafedra müdiri “BÜTÖV – Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması” proqramı çərçivəsində ilk görüşün Azərbaycan Universitetində keçirilməsinə görə “İRƏLİ” İctimai Birliyinə təşəkkürünü bildirib. Proqramın işində uğurlar arzulayan Elvin Talışinski gəncləri proseslərdə aktiv olmağa çağırıb.

Ardınca “İRƏLİ” İctimai Birliyinin baş katibi İlqar Axundov proqram çərçivəsində baş tutacaq fəaliyyətlərlə bağlı məlumat verib. Diqqətə çatdırılıb ki, layihənin növbəti mərhələlərində Qərbi Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını gənclərə aşılamaq, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə düzgün və ətraflı şəkildə çatdırmaq məqsədilə təşəbbüs qruplarının yaradılması nəzərdə tutulur. Proqram çərçivəsində həmçinin təşəbbüs qrupları tərəfindən Qərbi Azərbaycanın tarixi həqiqətlərini özündə ehtiva edən videoroliklərin hazırlanması da planlaşdırılır.

Tədbirin davamında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi-təşkilati şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İbrahim Bayramov məruzə ilə çıxış edib. Məruzədə bildirilib ki, tarixən Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində min illər boyu yaşayan soydaşlarımızın etnik mövcudluğuna deportasiyalarla son qoyulub,  onların mədəni irsinin məhv edilməsi son əsrlərdə erməni dövlət siyasəti səviyyəsində gerçəkləşdirilib. Diqqətə çatdırılıb ki, 1988-ci ildən başlanan sonuncu etnik təmizləmə nəticəsində on minlərlə azərbaycanlı ailəsinin əmlakı və mədəni irs nümunələri ermənilər tərəfindən qarət edilərək, mənimsənilib. İbrahim Bayramov “Qərbi Azərbaycana qayıdış konsepsiyası”nın icrasında hər bir Azərbaycan gəncinin iştirakının vacibliyini vurğulayaraq, gəncləri bu istiqamətdə səfərbər olmağa çağırıb.

Qeyd edək ki, “BÜTÖV – Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması” proqramının keçirilməsində əsas məqsəd Qərbi Azərbaycan tarixinin, Azərbaycan həqiqətlərinin təbliği, yerli və beynəlxalq səviyyədə gənclərin iştirakçılığının artırılması, Qərbi Azərbaycanla bağlı multimedia, elektron resursların bolluğunun yaradılması, eləcə də gənclər arasında tarixi torpaqlarımız haqqında məlumatlılığın artırılmasıdır.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR