XƏBƏRLƏR
Azərbaycan Universitetində şəhid anaları ilə görüş keçirilib
Azərbaycan Universitetində “Varis” Şəhid Ailələri və Qazilərə Qayğı İctimai Birliyinin təşəbbüsü ilə şəhid anaları ilə görüş keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə ictimai birliyin sədri, 3-cü qrup müddətsiz Qarabağ əlili, qazi Ceyhun Ağayev açaraq tədbirin məqsədi haqqında məlumat verib. Birlik sədri çıxışında şəhidlərimizin qəhrəmanlığının təbliği və xatirəsinin əbədiləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Universitetinin İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyev çıxışında qeyd edib ki, Azərbaycan xalqı şəhidlərinin xatirəsini daim uca tutur. Şanlı ordumuz Qarabağ zəfəri ilə həm Vətən müharibəsində, həm də münaqişənin başladığı 1988-ci ildən bu yana verdiyimiz minlərlə şəhidimizin ruhunu şad edib: “İgid, cəsur, vətənpərvər övladlar yetişdirən bütün şəhid analarına təşəkkür edirəm. Nə qədər ki, Azərbaycan dövləti və Azərbaycan xalqı var, şəhidlərimiz də yaşayacaq və xatırlanacaq”, - deyə kafedra müdiri çıxışında vurğulayıb.
Ardınca Vətən müharibəsi şəhidləri Emin İsmayılovun anası Məlahət İsmayılova və Elmaz Hacıyevin anası Ziyafət Hacıyeva övladlarının keçdiyi şərəfli döyüş yolundan danışıblar.
Daha sonra Vətən Müharibəsi qazisi Kənan Quliyev, Azərbaycan Vətənpərvərlər Partiyasının sədri Elvin Mahmudzadə, Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Almaz Zeynalova çıxış edərək gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətini vurğulayıb, bu prosesdə təhsil müəssisələrinin aparıcı rolunu qeyd ediblər.
Tədbirdə Azərbaycan Respublikasının xalq artisti Gülyaz Məmmədova, əməkdar artist Rəhilə Bəndəliyeva, bəstəkar Ruslan Səfəroğlu, müğənnilər Şahid Əliyev, Meydan Əsgərov və Murad Laçınlı da iştirak edərək qəhrəmanlığı, vətənpərvərliyi tərənnüm edən mahnılar ifa ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi